DOST Agentliyində birgə qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) birgə keçirdiyi qrant müsabiqəsi ilə bağlı DOST Agentliyində QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub.

ƏƏSMN-in Sosial təminat siyasəti şöbəsinin müdir müavini Pərviz Səfərov Şuranın nazirliklə birgə keçirdiyi qrant müsabiqəsinin mövzuları barədə məlumat verib. Altı mövzu üzrə ümumilikdə 25-dək layihənin maliyyələşməsinin nəzərdə tutulduğunu deyən Pərviz Səfərov müsabiqədə müvafiq mövzu üzrə ixtisaslaşmış QHT-lərin iştirak etməsinin daha məqsədəuyğun olduğunu bildirib.

Şura Katibliyinin elektron xidmətlər və daxili nəzarət bölməsinin rəhbəri Nədimə Rəhimli birgə qrant müsabiqələri haqqında ətraflı məlumat verərək deyib ki, Şura 2020-ci ildə ümumilikdə 18 dövlət orqanı və digər qurumlarla birgə 98 mövzunu əhatə edən qrant müsabiqəsi keçirəcək. ƏƏSMN ilə birgə keçirilən qrant müsabiqəsinin QHT-lərə verdiyi yeni imkanlar barədə də danışan N.Rəhimli bütün qrant müsabiqələrinin canlı təmaslar olmadan Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) vasitəsilə həyata keçiriləcəyini vurğulayıb.
Tədbirdə SƏLİS Xidmətinə daxil olan e-Ərizə proqramından istifadə qaydalarına aid videoçarx nümayiş etdirilib.
Məlumatlandırma sessiyasının sonunda QHT-lərin sualları cavablandırılıb.
Qeyd edək ki, QHT-lərdən qrant müsabiqəsində iştirakla bağlı layihə müraciətləri dekabrın 16-dək qəbul ediləcək. QHT-lər tərəfindən təqdim olunan təkliflər 4 mərhələdə qiymətləndirildikdən sonra qalib layihələrin maliyyələşməsinə başlanılacaq.



28.11.2019 | 16:43