İctimai Televiziya və Radio Yayımları Şirkətində məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə keçirdiyi qrant müsabiqəsi ilə bağlı İTV-də QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub.

İctimai Televiziyanın aparat rəhbəri Faiq Qürbətov İTV ilə Şuranın birgə qrant müsabiqəsi barədə məlumat verərək QHT-lərdən 12 mövzu üzrə layihələr qəbul ediləcəyini bildirib. Faiq Qürbətov birgə qrant müsabiqəsinin QHT-lərin peşəkarlığının artırılmasına və daha keyfiyyətli video materialların hazırlanmasına xidmət etdiyini deyib.

Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Şuranın 2020-ci ildə 26 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqəsi elan etməsinin mühüm yenilik olduğunu vurğulayıb. E.Behbud dövlət orqanları və digər qurumlarla birgə müsabiqənin keçirilməsinin QHT-hökumət əməkdaşlığını, qarşılıqlı etimadı və dialoqu daha da gücləndirəcəyini, QHT-lərin peşəkarlığını artıracağını deyib.
Şura təmsilçisi bildirib ki, şəffaflığın daha da artırılması və ictimai nəzarətin gücləndirilməsi üçün birgə müsabiqələrin keçirilməsi münbit imkanlar açır.
E.Behbud digər qrant müsabiqələrindən fərqli olarqq İTV-lə birgə həyata keçirilən müsabiqədə yalnız filmlər və sosial çarxlar hazırlayacaq QHT-lərin iştirak edə biləcəyini vurğulayıb. Şura nümayəndəsi QHT-lərin hazırladığı film və sosial çarxlarla bağlı mövcud vəziyyət barədə də danışaraq İTV ilə əməkdaşlığın bu sahədə ciddi keyfiyyət dəyişikliyi və QHT-lərin ixtisaslaşaraq daha səmərəli layihələr icra etməsini hədəflədiyini deyib.

Şuranın elektron xidmətlər və daxili nəzarət bölməsinin rəhbəri Nədimə Rəhimli Şuranın SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminə daxil olan e-Ərizə xidmətindən istifadə qaydaları ilə bağlı əsas məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Məlumatlandırma sessiyasında QHT-lərin qrant müsabiqəsi ilə bağlı sualları cavablandırılıb.



28.11.2019 | 16:41