Şura regionlarda e-vətəndaş proqramının təqdimatına başlayıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Gəncə Dövlət Universtetində yeni brendi olan SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin e-vətəndaş proqramının təqdimatını keçirib.

Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri Asif Bayramov çıxışında Şuranın QHT sektorunun inkişafı sahəsindəki fəaliyyətini yüksək qiymətləndirdiyini və e-vətəndaş proqramının mühüm yenilik olduğunu bildirib. Şura sədri Azay Quliyevə təşəkkürünü bildirən A.Bayramov tələbələri QHT layihələrinin qiymətləndirilməsi prosesində fəal olmağa çağırıb. 

Universitetin prorektoru Gülsüm Fətəliyeva Şuranın dəstəyi ilə QHT-lərin cəmiyyətimizdəki ictimai problemlərin həlli, milli maraqların qorunması sahəsində məhsuldar fəaliyyət göstərdiklərini deyib. 

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın yeni brendi olan SƏLİS çərçivəsində 2019-cu ildə tətbiq edəcəyi yeni elektron xidmətlər barədə ətraflı məlumat verib. İcraçı direktor bildirib ki, Şura ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində mayın 14-dən iyunun 7-dək ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir. Bu məqsədlə e-vətəndaş proqramının ictimaiyyətə təqdimatına başlanıb. Regionlarda ilk belə təqdimat isə ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərində keçirilir. 

Toplantıda e-vətəndaş xidmətindən istifadə qaydalarından bəhs edən təlimat xarakterli videoçarx nümayiş etdirilib. Təqdimatdan sonra Fərasət Qurbanov sualları cavablandırıb.



07.05.2019 | 20:03