Şura “Milli maraqların qorunmasında yeni yanaşmalar və QHT-lər” mövzusunda ictimai dinləmə keçirib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Milli maraqların qorunmasında yeni yanaşmalar və QHT-lər” mövzusunda ictimai dinləmə keçirib.

Şuranın Katibliyinin icraçı direktoru Fərasət Qurbanov ölkəmizdə bütün sahələrdə müşahidə edilən dinamik inkişafın QHT-lərin də üzərinə bir sıra mühüm vəzifələr qoyduğunu bildirib. F. Qurbanov qeyd edib ki, QHT-lər müasir inkişafın tələbləri ilə ayaqlaşmağı bacarmalı, ictimaiyyətlə əlaqələr işini gücləndirməlidirlər. Onlar sosial şəbəkələrin imkanlarından istifadə edərək həyata keçirdikləri çoxsaylı maraqlı və faydalı layihələr haqqında ictimaiyyəti daha səmərli şəkildə məlumatlandırmalıdırlar.

Şura sədrinin müavini Vüsal Quliyev çıxışında bildirib ki, QHT-lər milli maraqların qorunması üçün həyata keçirdikləri təşəbbüslərdə dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, konstitusiya quruluşunun qorunması, vətəndaş cəmiyyətinin gücləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artırılması kimi məsələlərə xüsusi diqqət yetirməlidirlər: “Cəmiyyətin sağlamlığı əsasən bir göstəricidə - iqtisadi və mənəvi tərəqqi amilində özünü daha qabarıq büruzə verir. Hazırda biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik. Gələcək uğurlarımıza yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə daha dərindən aşılamaq, milli maraqlarımızı qorumaqdır”.

Vüsal Quliyev deyib ki, milli maraqların qorunması cəmiyyətin aparıcı qüvvəsi kimi QHT-lərin ən əsas vəzifəsi olmalıdır. Onlar cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq göstərməlidirlər.