Şuranın dəstəyi ilə Almaniyanın Viadrina Universitetində Azərbaycanın müasir inkişafı haqqında konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində “Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun təşkilatçılığı ilə Almaniyada konfrans keçirilib. Almaniyanın Frankfurt-am-Oder şəhərində yerləşən Viadrina Universitetində keçirilən tədbirə ölkəmizin Almaniyadakı səfirliyin nümayəndələri, universitetin professor heyəti və tələbələr qatılıb.

            Toplantının ilk hissəsində iştirakçılar ölkəmiz haqqında Almaniyada mövcud olan stereotiplər haqqında fikirlərini bölüşüblər. Müzakirələr zamanı məlum olub ki, Viadrina Universitetində keçmiş MDB ölkələrinə dair davamlı tədqiqatların aparılmasına baxmayaraq tələbələr ölkəmiz barədə məhdud informasiyaya malikdir. Professor Knefelkamp cari ilin payızında Viadrina Universitetində Azərbaycanla bağlı xüsusi tədbirin təşkil olunmasını təklif edib.

            Tədbirin ikinci yarısında Azərbaycanın Almaniyadakı səfirliyin müşaviri Rizvan Nəbiyev çıxış edərək ölkəmizin siyasi, iqtisadi, sosial və digər sahələrdə qazandığı uğurlardan bəhs edib. Rizvan Nəbiyev həmçinin Almaniya-Azərbaycan münasibətlərinin inkişafına toxunaraq iki ölkənin bir çox sahələrdə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.

Konfransda çıxış edən Humboldt Universitetinin professoru xanım Eva-Maria Aux almanların Azərbaycanda məskunlaşma tarixi, ölkəmizdə müxtəlif dini və milli mənsubiyyətə aid olan insanların yüzillər boyu sülh şəraitində yaşaması haqqında danışıb.

“Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun rəhbəri Matias Dornfeldt tədbir iştirakçılarının diqqətini ölkəmizdə səmərəli idarəetmə və elektron hökumət sahələrində həyata keçirilən müsbət islahatlara çəkərək, ASAN xidmət mərkəzlərinin fəaliyyətinin nümunəvi  model olduğunu deyib. Təşkilatın sədri ASAN Xidmət mərkəzlərinin yaradılmasında məqsədin şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirməsi, əhalinin sosial problemlərinin səmərəli həlli və inzibati sahədə effektivliyin artırılması olduğunu vurğulayıb.

            Konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib.



07.06.2015 | 13:47