Azay Quliyev Avropa gənclər təşkilatlarının rəhbərlərilə görüşdü
Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Bakıda Avropa Komissiyasının “Gənclər fəaliyyətdə proqramı çərçivəsində keçirilən “Dəyişikliklər küləyi  sovetlər birliyinin süqutundan sonrakı 20 ildə Avropaya miqrasiya beynəlxalq təlim kursunun iştirakçıları ilə görüşdü.Şura sədri Fransa, Çexiya, Böyük Britaniya, Niderland, Rusiya, Belarus, Türkiyə, Macarıstan, Ukrayna və başqa ölkələri təmsil edən gənclərə rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, gələn ildən etibarən Şura xarici QHT-lərin də layihələrini maliyyələşdirmək istiqamətində ilk addımlarını atacaqdır. A.Quliyev qeyd etdi ki, burada məqsəd Azərbaycanla bağlı həqiqətlərin Avropa məkanına dürüst və təhrifsiz çatdırılması, habelə Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq imkanlarını genişləndirməkdir.Azərbaycan Tələbələr Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin dəvətilə ölkəmizdə olan avropalı gənclər təmsil etdikləri təşkilatların Şura ilə əməkdaşlıq niyyətlərini ifadə edərək gələcək fəaliyyətin qurulması və yönəldilməsilə bağlı öz fikirlərini bölüşdülər.A.Quliyev qonaqların çoxsaylı suallarını cavablandıraraq, gənclərin təşəbbüslərinin Şura və müvafiq digər qurumlar tərəfindən dəstəklənməsi, Dağlıq Qarabağ münaqişəsi fonunda qaçqın və məcburi köçkün gənclərin problemləri və başqa məsələlərlə bağlı açıqlamalar verdi.


11.10.2012 | 14:22