BÖLMƏLƏR

“Böyük Qələbədən quruculuğa: başlıca vəzifələrimiz” mövzusunda videokonfrans keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (QHT Şurası) birgə təşkilatçılığı ilə noyabrın 13-də “Böyük qələbədən quruculuğa: başlıca vəzifələrimiz” mövzusunda videokonfrans keçirilib.

 Komitə sədri Bahar Muradova xalq, dövlət və region üçün əlamətdar olan bu günlər münasibətilə təbriklərini çatdırıb, Qələbənin ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsində qazanıldığını qeyd edib. Komitə sədri Aprel döyüşləri və Tovuz hadisələri nəticəsində artıq Azərbaycanın təxribatlara, təcavüzə dözməyəcəyini qətiyyətlə həm Ermənistan rəhbərliyinə, həm də dünya ictimaiyyətinə bəyan etdiyini vurğulayıb. 44 gün davam edən İkinci Qarabağ müharibəsinin Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdığını, torpaqlarımızın Ermənistan işğalından azad edildiyini bildirən B.Muradova Azərbaycanın bu müharibədən qalib, yenilməz, monolit şəkildə çıxdığını və bu birliyin gücünü dinc quruculuğa yönəltməli, müharibənin ağır nəticələrinin aradan qaldırılması işinə fəal şəkildə qoşulmalı olduğumuzu bildirib.

Qələbədən sonrakı dönəmdə həyata keçiriləcək quruculuq hədəflərinə toxunan B.Muradova deyib ki, bu istiqamətlərdə müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Münaqişədən zərər çəkən ailələrin, psixoloji sarsıntı keçirmiş qadın və uşaqların problemlərinə diqqət çəkən komitə sədri sosial-psixoloji işin miqyasının həddən artıq genişləndiyini nəzərə alaraq qeyri-hökumət təşkilatlarının yardımı ilə qısa müddətdə bu sahədə müvafiq layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, medianın imkanlarından düzgün və səmərəli istifadənin önəmindən danışan B.Muradova mətbuatda və sosial mediada hadisələrin düzgün işıqlandırılması, ictimai rəyin formalaşdırılması baxımından bu istiqamətdə lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb. Çıxışının sonunda komitə sədri tədbirdə iştirak edən dövlət və vətəndaş cəmiyyəti qurumlarının nümayəndələrini qeyd olunan sahələrdə birgə, fəal əməkdaşlığa dəvət edib.

DQİDK-nın sədri Mübariz Qurbanlı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan böyük Qələbədən danışıb, 2021-ci ildə dövlət qurumlarının və vətəndaş cəmiyyətinin qarşısında yeni vəzifələrin dayandığını, yeni proqram və layihələrin həyata keçirilməli olduğunu vurğulayıb. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişaf etdirilməsi ilə bağlı geniş proqramlar həyata keçiriləcəyini diqqətə çatdıran sədr DQİDK və Mənəvi Dəyərlər Fondu olaraq milli-mənəvi dəyərlər, mənəviyyatla bağlı layihələrdə iştirak edəcəklərini bildirib. M.Qurbanlı AQUPDK ilə ortaq mövzular üzrə illərə söykənən əməkdaşlıq təcrübəsindən danışıb, quruculuq dönəmində də bu əməkdaşlığın uğurla davam etdiriləcəyinə inamını ifadə edib. 2021-ci ildə Vətən müharibəsinin qəhrəmanlarının xalqımıza tanıdılması üçün şəhidlərimiz və qazilərimizlə bağlı qısametrajlı filmlərin çəkilməsinin önəmini vurğulayan M.Qurbanlı bu və qeyd edilən bütün mövzularda QHT-lərlə əməkdaşlıq edərək, yeni layihələr həyata keçirməyə hazır olduqlarını bildirib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (QHT Şurası) sədri Azay Quliyev Qələbə münasibətilə təbriklərini səsləndirib, hər bir azərbaycanlının tarixi və qürurverici günlər yaşadığını qeyd edib. A.Quliyev 2020-ci ilin ən qətiyyətli siyasətçisi, böyük dövlət xadimi və dövlət başçısı kimi Prezident İlham Əliyevin, ən döyüşkən və peşəkar ordu kimi Azərbaycan Ordusunun, ən qəhrəman və mətin xalq kimi Azərbaycan xalqının tarixə yazıldığını diqqətə çatdırıb. A.Quliyev xalqımızın 44 günlük müharibədə Prezidentimizin ətrafında bir yumruq kimi birləşdiyini qeyd edib, bundan sonra qarşımızda duran əsas məsələlər kimi bu birliyin sona qədər qoruyub saxlanılmasının vacibliyini bildirib. O deyib: “Azərbaycan ictimaiyyətinin bütövlüyünü və birliyini qoruyub saxlamaq üçün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları bir amal ətrafında birləşməli, ortaq hədəfləri müəyyənləşdirərək əhəmiyyətli tədbirlər həyata keçirməlidirlər”.

Daha sonra çıxış edən QHT rəhbərləri qaldırılan məsələlərlə bağlı fikir və təkliflərini bölüşüblər. Müzakirələr zamanı münaqişədən əziyyət çəkən insanlara sosial, psixoloji dəstəyin göstərilməsi, şəhidlərimizin tanıdılması məqsədilə onların qəhrəmanlıqlarına həsr edilmiş sənədli filmlərin çəkilməsi, müsabiqələrin təşkil olunması və digər fəaliyyətlərin həyata keçirilməsi, eyni zamanda, Ermənistanın törətdiyi müharibə cinayətlərinin və bu istiqamətdə fərdi şikayətlərin dünya ictimaiyyətinə geniş şəkildə çatdırılması, bu barədə beynəlxalq ictimai rəyin formalaşdırılması kimi məsələlərin vacibliyi vurğulanıb.

Konfransda AQUPDK, DQİDK və QHT Şurasının əməkdaşları və müxtəlif QHT nümayəndələri iştirak ediblər.

XƏBƏRİ PAYLAŞ