BÖLMƏLƏR

Şura daha bir elektron xidməti QHT-lərin istifadəsinə verdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu ildən etibarən tətbiq etdiyi yeniliklərdən biri də QHT layihələrinin maliyyə və yekun aktlarının elektron imza (ASAN imza) ilə imzalanmasıdır.
 
Bunun üçün QHT-lər artıq hər hansı canlı təmas olmadan, Şuraya gəlmədən layihənin yekunlaşmasına dair aktları elektron qaydada imzalaya biləcəklər.
 
Bunun üçün QHT nümayəndəsi Şuranın www.selis.az Elektron Xidmətlər Portalında yerləşən "e-idarəetmə və e-hesabat" bölməsinə daxil olur və ilkin olaraq maliyyə aktını müvafiq imza növünü (e-imza və ya ASAN imza) seçməklə imzalayır.
 
Daha sonra QHT mühasibinin aktı təsdiqləməsi üçün (mühasibin ayrı olaraq sistemə daxil olmasına ehtiyac yoxdur) QHT rəhbəri "Sənədin mühasib tərəfindən imzalanması" düyməsini sıxır və mühasibin e-imzasının müvafiq məlumatlarını daxil edir. Məlumatlar mühasib tərəfindən müvafiq kodlarla təsdiqləndikdən sonra, QHT rəhbəri mühasibin aktı imzalaması üçün tələb olunan müvafiq sertifikatı seçir. 
 
Əgər mühasiblə layihə çərçivəsində əmək müqaviləsi bağlanıbsa bu zaman akt QHT-nin ona etibarnamə əsasında verdiyi sertifikatla imzalanmalıdır. Digər halda, yəni mühasib xidməti müqavilə ilə işə cəlb olunubsa mühasibin VÖEN-i qeyd olunan fiziki şəxs kimi sertifikatı seçilir və akt imzalanır.
 
Serifikat düzgün seçilmədiyi halda, Şura Katibliyi aktı geri göndərəcək və prosedur yenidən icra olunacaq. Prosedur uğurla başa çatdıqda maliyyə aktı imzalanmış hesab edilir və daha sonra QHT rəhbəri yekun akt bölməsinə keçid edərək eyni qaydada yekun aktın imzalanmasını həyata keçirir.
 
Bundan əlavə, nəzərinizə çatdırmaq istərdik ki, hər 2 imzalanma proseduruna əsasən QHT sədri və mühasibin elektron imza növləri eyni olmalıdır. Əgər QHT sədri ASAN imzadan istifadə edirsə, mühasibdə də ASAN imza olmalıdır. Əgər QHT sədrində elektron imzadırsa, mühasibdə elektron imzadan istifadə etməlidir.
 
Aktların da elektron qaydada imzalanması nəticəsində Şura ilə QHT arasında canlı təmas tamamilə aradan qalxmış oldu. İstər pandemiya şəraitində, istərsə də bundan sonrakı dövrdə QHT-nin layihəsinin icrası ilə bağlı Şuranın ofisinə gəlməsinə heç bir ehtiyac qalmadı.
İnanırıq ki, bu xidmət də Şuranın təqdim etdiyi öncəki xidmətlər kimi QHT məmnunluğunu tam təmin etmiş olacaq.

XƏBƏRİ PAYLAŞ