BÖLMƏLƏR

Şura Katibliyinin müşavirəsi keçirilib

 Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin müşavirəsi keçirilib.

Toplantıda çıxış edən Şura sədri, deputat Azay Quliyev rəhbərlik etdiyi qurumun 2018-ci ilin ötən rübləri ərzindəki fəaliyyətini təhlil edərək Katibliyin fəaliyyəti və qarşıda dayanan vəzifələr haqqında fikirlərini bildirib. Azay Quliyev müşavirənin keçirilməsində məqsədin Katibliyin həyata keçirdiyi işlər haqqında hesabatları dinləmək, ortaya çıxan problemlərin həlli ilə bağlı çevik və effektiv qərarlar qəbul etmək, həmçinin gələcək fəaliyyətin planlaşdırılması olduğunu deyib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Katibliyin 2018-ci ilin ötən rüblərindəki fəaliyyətinin yekunları ilə bağlı ətraflı məruzə ilə çıxış edib. F. Qurbanov Şuranın elektron xidmətlərinin, proqram təminatlarının təkmilləşdirilməsi, Katibliyin bölmələrinin iş planlarının icra vəziyyəti və digər işlər haqqında məlumat verib.

Müşavirədə həmçinin, hüquq və təşkilatı təminat bölməsinin rəhbəri Rauf Məcidbəylinin, baş mühasib Emin Məmmədovun, ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbudun, layihələrin idarə olunması bölməsinin rəhbəri Xanım Cəbrayılovanın, beynəlxalq əlaqələr, analitik təhlil və ekspertiza bölməsinin rəhbəri Toğrul Məmmədlinin və  daxili nəzarət və qiymətləndirmə üzrə əlaqələndirici Nədimə Rəhimlinin məruzələri dinlənilib.

İclasda Şuranın Bakı Resurs və Təlim Mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, QHT-lərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi, Şuranın dəstəyi çərçivəsində yaradılan elektron resursların monitorinqi, elektron xidmətlərin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qərarlar qəbul edilib.

XƏBƏRİ PAYLAŞ