BÖLMƏLƏR

Şura Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş konfrans keçirib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 1918-ci il 15 sentyabrda Bakının düşmən işğalından azad olunmasının 100 illiyinə həsr olunmuş konfrans keçirib.

Şuranın icraçı direktoru Fərasət Qurbanov Bakının işğaldan azad olunması hadisəsinin XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu deyib. F. Qurbanov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti1918-ci ilin iyunun 4-də Osmanlı imperatorluğu hökuməti ilə dostluq müqaviləsi imzalayır. Sənəddə qeyd olunurdu ki, “ölkənin təhlükəsizliyini təmin etmək üçün, əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür”. Osmanlı hökuməti üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək yenicə yaranan qardaş Azərbaycan dövlətinə hərbi yardımını əsirgəmir. 1918-ci ilin iyunundan Qafqaz İslam Ordusu ərazilərimizin işğaldan azad edilməsi istiqamətində hərəkətə keçir. 1918-ci il sentyabrın 15-də Qurban bayramı günündə Bakı işğalçılardan azad edilir.

İcraçı direktor bildirib ki, 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Bakıya köçməsilə dövlətimizin qarsısındakı böyük təhlükə sovuşmuş oldu. Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi. Bakının azad edilməsi zamanı şəhid olanların ruhu qarşısında bizlər hər zaman borcluyuq. F.Qurbanov həmçinin, deyib ki, Azərbaycan xalqının döyüşkənlik ruhu  bu gün də yüksəkdir və cənab Ali Baş Komandanın əmri olacağı təqdirdə işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə hazırdır. 

"Qafqaz İslam Ordusu: missiyası və əhəmiyyəti" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bildirib ki, 100 ildən artıq müddətdə ordusu olmayan, hərbi xidmətə çağrılmayan xalq daşnaq-bolshevik qoşunlarına qarşı vuruşa-vuruşa özünə ordu qurdu. Qafqaz İslam Ordusunun qurulması eyni zamanda türk-müsəlman əhalinin məruz qaldığı soyqırımı da dayandırmış oldu. 14 sentyabrdan başlayaraq 36 saat savaşdan sonra Bakı işğaldan azad olundu: “Təsadüfi deyilki,  Bakısız Azərbaycan başdız bədənə bənzədilirdi. Bu bir daha Bakının Azərbaycanın üçün nə qədər mühüm əhəmiyyət daşıdıgını göstərir”.