BÖLMƏLƏR

Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib.

Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və  vətəndaş cəmiyyətinin qurucusu olduğunu bildirib. Azay Quliyev deyib ki, Şuranın yaradılması Azərbaycanda vətəndaş cəmiyyətinin milli əsaslarının möhkəmləndirilməsi, QHT sektorunun  xarici donordan asılılığınının minumuma endirilməsi prosesinin başlanğıcı olub. Bununla dövlət sözün yaxşı mənasında QHT sektoruna  dəstək verməyə və ona sahib durmağa başladı: “Şuranın yaradılması ilə QHT-hökumət münasibətləti yeni keyfiyyət mərhələsinə qədəm qoydu.QHT-lər dövlət qurumlarının etibarlı tərəfdaşına çevrildilər. Qeyri-hökumət təşkilatı haqqında əvvəlki illərdə olan antihökumət və ya antidövlət assosiyasiyası yavaş–yavaş aradan qalxdı. Şura cəmiyyəti maraqlandıran və narahat edən ən müxtəlif problemlərin, ictimai əhəmiyyətli məsələlərin həllinə QHT sektorunu yaxından cəlb edə bildi. Milli maraqların təminatı, ölkəmizin  beynəlxalq arenada layiqincə təmsil olunması istiqamətində  dövlətçiliymizə və xalqımıza bağlı olan bütün QHT-ləri səfərbər etdi”.

Azay Quliyev vurğulayıb ki, Şuranın yaradılması ilə ixtisaslaşmış milli donor institutunun əsası qoyuldu: “Milli donor sözünü təsadüfən işlətmirəm, çünki Şuraya qədər  xarici donorlar milli məsələlərə dair heç bir təşəbbüsü dəstəkləməyiblər. Yaxşı xatırlayıram: 1998-ci ildə, düz 20  il bundan öncə Soros fondunun ölkə üzrə direktoru Devit Stabsdan işğal olunmuş torpaqlarımız haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması,  şəhid ailələrinə və müharibə veteranlarına yardım edilməsi, hərbi vətənpərvərliklə əlaqədar təşəbbüslərin fond tərəfindən niyə dəstəklənmədiyinin səbəbini soruşdum. O isə açıq şəkildə dedi ki, bu sizin daxili probleminizdir və bizi maraqlandırmır. O vaxtın acı reallığı idi bu. Şuranın yaranması ilə dövlət məhz  xarici donorların imtina etdiyi, lakin ölkəmiz üçün milli məsələ hesab olunan sahələri prioritet  sahə elan etdi və bu istiqamətlərə dəstək verməyə başladı”. 

Şura sədri bildirib ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, Xocalı soyqırımına ədalətli qiymətin verilməsi və ölkəmizin məruz qaldığı təcavüz aktının ifşa edilməsi istiqamətində Heydər Əliyev Fondunun və şəxsən 1-ci vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr hər zaman QHT sektoru və Şura üçün nümunə olub: “Bu baxımdan qeyd olunan istiqamətlər üzrə dövlətimizin həyata keçirdiyi siyasətə ictimai dəstək vermək məqsədilə Şura dünyanın 43 ölkəsinin 100-dən çox şəhərində

Ermәnistanın Azәrbaycan torpaqlarını işğal etməsi, 1 milyondan cox azәrbaycanlı qaçqın vә mәcburi köçkünün hәyatı vә taleyi, Xocalı soyqırımının dәhşәtlәri haqqında mәlumatları yaymağa və müxtəlif tədbirlər keçirməyə nail olub. Şuranın dəstəyilə Avropa universitetlәrindә Qarabağ guşәlәri yaradılıb, çoxlu sayda və müxtəlif dillərdə filmlәr cәkilib, kitablar yazılıb, teatr  tamaşaları sәhnәyә qoyulub”.