BÖLMƏLƏR

Ölkədə və xaricdə yaşayan lider xanımlar Şurada birgə müzakirələr aparıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələfin təşəbbüsü ilə “Virtual çərşəmbə” adlı tədbir keçirilib.

Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadənin dəstəyi ilə keçirilən tədbirə paytaxt və regionlarda fəaliyyət göstərən 30-a yaxın fəal xanım – QHT rəhbəri iştirak edib. Həmçinin Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova, Danimrka Azərbaycan Dostluq Cəmiyyətinin sədri, bəstəkar-pianoçu Kəmalə Maisqızı tədbirə “Skype”lə qoşulub. Toplantıya Rusiyadakı Azərbaycan diasporunun fəal nümayəndəsi Səadət Qarayeva da  qatılıb.

Şura üzvü Nərgiz Xələf Yel çərşəmbəsi münasibətilə hər kəsi təbrik edərək görüşün mövzu və məqsədi haqqında məlumat verib. N.Xələf qeyd edib ki, ilk görüşdə irəli sürülən təkliflər əsasında “Facebook”da Qadınların Əməkdaşlıq Mərkəzi (Women’s Cooperation Center) qrupu yaradılıb: “Bu gün istər ölkə daxilində, istərsə xaricdə müxtəlif sahələr üzrə xanım QHT rəhbərləri aktiv fəalliyyət göstərirlər. Məqsədimiz belə xanımları bir araya toplamaqdır. Bu qrup vətəndaş cəmiyyətindəki və biznes sahəsindəki xanımların əməkdaşlıq platformasıdır”.

Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə iştirakçılara ABŞ və Danimarkadan virtual qoşulan qonaqlar haqqında danışıb. O bildirib ki, hər iki ölkədəki xanım soydaşlarımız var gücləri ilə Azərbaycan həqiqətlərini təbliğ edirlər.

Rusiyadakı Azərbaycan diasporunun fəal nümayəndəsi Səadət Qarayeva bildirib ki, Azərbaycan diasporunun xanım üzvlərinin fəaliyyəti təqdirəlayiqdir. Onlar hansı ölkədə yaşamalarından asılı olmayaraq, ölkəmizi layiqincə təmsil etməyə çalışırlar.

“Skype” bağlantısı ilə tədbirə qoşulan  “Azərbaycan-Amerika Qadın Cəmiyyəti”nin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova deyib ki, ABŞ-da Azərbaycan qadınını təmsil etmək şərəfli işdir: “Qadın və ya kişi fərqi yoxdur, xaricdə yaşayan azərbaycanlıların əsas məqsədi vətənə xidmət etməkdir. Bizim məqsədimiz Azərbaycanı xaricdə tanıtmaq və onun mənafeyi, çiçəklənməsi uğurunda əlimizdən gələni əsirgəməməkdir”.

Danimarka Azərbaycan Dostluq Cəmiyyətinin sədri, bəstəkar-pianoçu Kəmalə Maisqızı deyib ki, əsas məqsədi danimarkalılarla dostluğu daha da möhkəmləndirmək, həmçinin müsiqimizi, adət-ənənələrimizi onlara daha da yaxından tanıtmaqdır: “Mən Danimarkada diaspor fəaliyyəti göstərməklə yanaşı, müsiqimizi də təbliğ edirəm. Danimarkada konsertlərdə Azərbaycan bəstəkarlarının əsərlərindən və tanınmış filmlərdən popuri melodiyalar ifa edirəm. Həmçinin burada musiqi tədris edərkən tələblərimə Azərbaycan mahnılarını da öyrədirəm. Artıq Danimarkada Azərbaycan musiqisini ifa edən bir çox tələbəm var”.

“Virtual çərşəmbə”də qonaqlara suallar verilib, görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Çıxış edən QHT rəhbərləri fəaliyyətlərini genişləndirmək üçün birgə layihələrin keçirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, dövlətimizin uğurları hər bir vətənpərvər azərbaycanlını sevindirir.

XƏBƏRİ PAYLAŞ