BÖLMƏLƏR

Azay Quliyev: QHT-lər dini radikalizmə qarşı mübarizənin ən ön sıralarda yer almalıdır

Bu gün Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Şura sədri, deputat Azay Quliyev prezident İlham Əliyevin inanclı şəxslərə, dini konfensiyaların rəhbərlərinə hər zaman böyük hörmətlə yanaşdığını deyib. Azərbaycanın islam svilizasiyasının ayrılmaz parçası olduğunu bildirən A. Quliyev qeyd edib ki, ölkəmizdə sabit ictimai-siyasi durumun bərqərar olmasında dini icmaların da böyük rolu var. Eyni zamanda bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük vəzifələr düşür. Azay Quliyev diqqətin beş əsas məsələyə yönəldilməsinin vacibliyini vurğulayıb.

 

Dini radikalizmə qarşı mübarizənin təşkili

 
“Birinci məsələ dini radikalizmə qarşı mübarizənin təşkildir. Bu iki önəmli təsisatın- dini icmalar və QHT-lərin qarşılıqlı faydalı əməkdaşlığı bir neçə istiqamət üzrə cəmiyyətimizə böyük töhfə verə bilər. Sirr deyil ki, Azərbaycanda dini ayrıseçkilik törətməyə, dini radikalizmin yayılmasına çalışanlar, ölkəmizdəki ictimai-siyasi sabitlikdən, tolerantlıq mühitindən narahat olanlar var. Doğrudur, bütün bu təhlükəli meyillərin qarşısının alınması üçün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü və davamlı dövlət siyasəti həyata keçirilir. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, cənab Mədət Quliyev bü günlərdə verdiyi açıqlamada bildirdi ki, ölkəmizdən 900 nəfər İŞİD-in sıralarına qatılıb. Onlardan 85 nəfər hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. Eyni zamanda hörmətli Mübariz Qurbanlının sədrlik etdiyi Dini Komitə və Şeyx həzrətləri, hörmətli Allahşükür Paşazadənin başçılığı altında Qafqaz Müsəlmanları Ruhani İdarəsi ölkəmizdəki çoxəsrlik multikultral, tolerantlıq mühitinin qorunub saxlanılması, məzhəblər arasında vəhdətin təmin olunması ilə bağlı bütün zəruri addımları atır. Müvafiq orqanlar göründüyü kimi üzərlərinə düşən işi uğurla icra edirlər. Ancaq bu cür qlobal, bütün cəmiyyəti narahat edən məsələlərlə bağlı məsuliyyət yalnız hüquq-mühafizə orqanlarının, müvafiq aidiyyatı qurumun üzərinə atılmamalıdır. QHT-lər dini radikalizm və dini ekstremizmə qarşı mübarizənin ən ön sıralarda yer almalıdır. 900 şəxsin hər birinin ailəsi və yaxınları daim diqqət mərkəzində saxlanılmalı, onların qohumlarına, qonşularına, əhatə dairəsində olan digər şəxslərə etdiyi mümkün təsirlər öyrənilməli və müvafiq nəticələr çıxarılmalıdır”.

 

İslam dinin siyasiləşdirilməsi cəhdləri


Şura sədri bildirib ki, ikinci mühüm məsələ islam dinin siyasiləşdirilməsi cəhdləridir. Ölkəmizdə islam dinini siyasiləşdirməyə cəhd göstərənlərlə, konstitusiya quruluşunun dəyişdirilməsinə çağırış edənlərlə bağlı müvafiq ölçü götürüldükdən sonra anti-azərbaycan fəaliyyəti ilə tanınan bəzi QHT-lər onları siyasi məhbus elan etməyə çalışırlar. QHT-lərimiz sağlam dövlətçilik mövqeyindən çıxış edərək belə şəxsləri və qüvvələri birmənalı şəkildə pisləməli və onları ictimai qınağa məruz qoymalıdırlar.  

 

Xristian missionerləri


Azay Quliyev qeyd edib ki, üçüncü mühüm təhlükəli məsələ xristian dininin qeyri-ənənəvi cərəyanlarının mənsubu olan missionerlərin milli-mənəvi düşüncə sistemimizə, gənclərin vətənpərvərlik tərbiyəsinə zərbə vurmağa çalışmasıdır. Onlar müharibə vəziyyətində olan ölkəmizin vətəndaşlarına əldə silah tutmağın, düşmənə qarşı vuruşmağın günah olduğunu təbliğ edirlər. Çox təəssüflər olsun ki, ABŞ Dövlət Departamentinin hesabatlarında dövlətimizin belə missionerlərə qarşı haqlı olaraq apardığı mübarizəni vicdan azadlığının pozulması halı kimi təqdim olunur. Bu qəbulounmazdır.

 

Xurafatın qarşısının alınması və dini maarifləndirmənin gücləndirilməsi


Azay Quliyev dördüncü məsələ kimi dini maarifləndirmənin gücləndirilməsinin vacibliyinə diqqəti çəkərək bu fəaliyyyətlə məşğul olan şəxslərin, dini icma rəhbərlərinin, ruhanilərin hərtərəfli biliyə sahib olmasının zəruriliyini vurğulayıb: “Etiraf edək ki, heç də islam dininin təbliği ilə məşğul olan icma rəhbərlərimizin hamısı qeyri-ənənəvi dini cərəyanlara qarşı mübarizədə yetərincə intellekt nümayiş etdirə bilmirlər. Bu da öz növbəsində inanclı, ancaq savadsız olan vətəndaşlarımızın bəzən radikal dini qrupların təsirinə keçməsinə səbəb olur. Ona görə biz Şura olaraq bu sahə üzrə maarifləndirmə hərakatını daha da genişləndirmək, xurafatın qarşısının alınması, mövhumatçılıqla effektiv mübarizə üçün mütəxəssislərin sərbəst mühazirələrinin təşkil olunduğu ictimai müzakirə mərkəzinin yaradılmasına dəstək verməyə hazırıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları Ruhani İdarəsi və QHT-lər bu mərkəzin təşkilində yaxından iştirak etməlidir”.

 

 

Sosial şəbəkələrdə edilən təhlükəli çağırışlara qarşı mübarizə


Şura sədri beşinci mühüm məsələnin müasir dövrdə ictimai rəyin formalaşdırılmasında dominant rola malik sosial şəbəkələrdə islam və digər səmavi dinlərin həqiqi mahiyyətinin məqsədli şəkildə təhrif olunduğu informasiyaların yayılması, təhlükəli çağırışların edilməsi olduğunu deyib. A. Quliyev belə hallara qarşı effektiv mübarizə mexanizmlərinin müəyyən olunmasının vacibliyini vurğulayıb: “Bu gün dini radikalizmi, hətda terrorizmi təbliğ edən sosial şəbəkə hesabları, saytlar mövcuddur. Elektron resursların idarə olunması və bu sahədə informasiya mübarizəsində aktiv iştirak QHT-lərimizin fəaliyyətinin ana xəttini təşkil etməlidir. Şura QHT-lərdən qeyd etdiym istiqamətlər üzrrə innovativ layihələr gözləyir. Biz Şura olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları Ruhani İdarəsi və digər müvafiq qurumlarla birgə fəaliyyətimizi bundan sonra da sıx əməkdaşlıq şəraitində davam etdirəcəyik”.

XƏBƏRİ PAYLAŞ