BÖLMƏLƏR

Şura Qubada “QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” adlı konfrans keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qubada “QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” adlı konfrans keçirib. Konfransda ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. F.Qurbanov QHT-lərin həyata keçirdiyi layihələr çərçivəsində görülən işlərin geniş auditoriyaya çatdırılması üçün KİV-lərlə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi və effektivliyin artırılmasının zəruri olduğunu vurğulayıb.

İcraçı direktor vətəndaş cəmiyyətinin adları qeyd olunan iki mühüm institutu arasında qarşılıqlı səmərəli əlaqələrin qurulmasının ictimai problemlərin həllində böyük faydasının olduğunu deyib. Fərasət Qurbanov QHT-KİV münasibətlərinin inkişafı üçün Şuranın həyata keçirdiyi tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Prezident Administrasiyasının məsul əməkdaşı, Şura sədrinin müavini Vüsal Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dövlətin QHT sektorunun formalaşma istiqamətində atdığı ardıcıl addımların əhəmiyyətindən danışıb. V.Quliyev prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” və “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunduğunu və bu sənədlərin məntiqi davamı olaraq, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını diqqətə çatdırıb. O, həm QHT-lərə, həm də KİV-lərə dövlət dəstəyini rəsmiləşdirən və onların Azərbaycanın siyasi sistemində yerini daha da möhkəmləndirən bu addımların vətəndaş cəmiyyətinin əsaslarının gücləndirilməsinə böyük təkan verdiyini vurğulayb.

Şura sədrinin müavini QHT-lərin həyata keçirdiyi proqram və layihələr barədə ictimaiyyətin dolğun məlumat alması, habelə yerli səviyyədə problemlərin birgə araşdırılaraq dövlət qurumlarına təqdim edilməsi, sorğu və monitorinqlərin keçirilməsi baxımından KİV-lərlə qarşılıqlı əməkdaşlığın vacib olduğunu deyib.