BÖLMƏLƏR

Şura Şəmkirdə QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 21 sentyabr 2017-ci ildə Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə, Samux, Gədəbəy, Göygöl, Qazax, Ağstafa və Tovuzun QHT və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə "QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları" mövzusunda regional konfrans keçirib.

Konfransdan öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.

Toplantıda çıxış edən Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycanda irqindən, dilindən, etnik və dini konfensiya mənsubiyyətindən asılı olmayaraq hər kəsin fundamental insan hüquq və azadlıqlarının təmin edildiyini deyib. Bir sıra ölkələrdə illərdir vətəndaş mühüribəsinin getdiyini qeyd edən Alimpaşa Məmmədov Azərbaycanda sabit ictimai-siyasi vəziyyətin bütün sahələrdə müşahidə edilən inkişafın başlıca zəmini olduğunu vurğulayıb.

QHT-lərin inkişafı üçün yalnız paytaxtda deyil, regionlarda da zəruri imkanların yaradıldığını bildirən icra başçısı  Şəmkirdə dövlət qurumlarının yerli QHT-lərlə yaxından əməkdaşlığından yaranan səmərəli nəticələr haqqında danışıb. A. Məmmədov Şuranın vətəndaş cəmiyyətinin inkişafı üçün göstərdiyi səyləri təqdirəlayiq adlandırıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Şura sədrinin müavini Vüsal Quliyev konfransda “QHT-Hökumət münasibətlərinin inkişaf mərhələləri və perspektivləri”  mövzusunda məruzə ilə çıxış edib.

Vüsal Quliyev Azərbaycanda vətəndaş cəmiyyətinin sürətlə inkişaf etdiyini qeyd edərək,  son on ildə QHT-dövlət əməkdaşlığının daha yüksək səviyyəyə qalxdığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunmasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm təkan verdiyini vurğulayıb.

V.Quliyev Azərbaycan dövlətinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verdiyini, ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi bazanın mövcud oluğunu bildirib.

Şura sədrinin müavini əlavə edib ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və milli maraqlarının təmin olunması dövlətlə QHT-lər arasında münasibətlərin daim müasirləşdirilməsini, onların fəaliyyətinin stimullaşdırılmasını zəruri edir. V. Quliyev ölkəmizdə mövcud olan QHT-hökumət münasibətlərinin dünyada uğurlu nümunə kimi öyrənildiyini deyib.

Vüsal Quliyev milli donor institutlarının fəaliyyətinə də toxunaraq, ölkədə qeyri-hökumət təşkilatlarının təşəbbüslərini dəstəkləmək üçün maliyyə resurslarının mövcud olduğunu diqqətə çatdırıb. O, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən hər il yüzlərlə QHT təşəbbüsünün dəstəkləndiyini vurğulayıb. Qeyd edib ki, dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatında fəal iştirak etsin. Milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyəti təşviq edilsin. QHT-lər sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər.