BÖLMƏLƏR

Azərbaycan QHT-ləri ermənilərin Füzulidəki vəhşiliyi ilə bağlı bəyanat yayıb

Azərbaycan qeyri-hökumət təşkilatları Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusunun açdığı atəş nəticəsində uşaqların və qadınların qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb.APA-nın məlumatına görə, bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun problemə ikili standartlar prizmasından yanaşması atəşkəs rejiminin daim pozulmasına və dinc əhaliyə qarşı hərbi cinayətlərin davamlı hal almasına zəmin yaradır.“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasındakı qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri 2017-ci il iyulun 4-də axşam saatlarında növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutub. Atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dağıntılar olub, kənd sakinləri 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Quliyeva Sahibə İdris qızı qətlə yetirilib, Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Münaqişə zonasına yaxın yerləşən Azərbaycan kəndlərini daim atəş altında saxlayan işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları davamlı şəkildə qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarını qulaqardına vurur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirirlər. Fikrimizcə, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi və beynəlxalq qurumların sülhə məcburetmə təşəbbüslərinin yetərsizliyi bu cür ağır cinayətlərin baş verməsinə gətirib çıxarır. BMT-nin Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinin yerinə yetirilməməsi, eləcə də münaqişənin nizamlanması üzrə sülh danışıqlarını bilavasitə təşkil edən ATƏT-in Minsk qrupunun problemə ikili standartlar prizmasından yanaşması atəşkəs rejiminin daim pozulmasına və dinc əhaliyə qarşı hərbi cinayətlərin davamlı hal almasına zəmin yaradır. Mülki azərbaycanlı əhaliyə qarşı törədilən bu ağır cinayətlər Azərbaycan hökumətini və Azərbaycan Ordusunu müvafiq qaydada adekvat hərəkətlər etməyə vadar edir ki, bu da bütövlükdə regionda yeni müharibənin alovlanmasına və böyük çətinliklər hesabına əldə edilmiş qarşılıqlı əməkdaşlıq təşəbbüslərinin heçə endirilməsinə səbəb ola bilər. Biz - Azərbaycanın qeyri-hökumət təşkilatlarının rəhbərləri münaqişənin sülh yolu ilə  həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişə zonası ətrafında uşaqları, qadınları və qocaları qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə göz yummamağa, təcili şəkildə təcavüzkarın yerinə oturdulması ilə bağlı qətiyyətli tədbirlər görməyə çağırırıq”, - deyə bəyanatda vurğulanır.

XƏBƏRİ PAYLAŞ