BÖLMƏLƏR

Şura təsviri hesabatların elektron qəbulu proqramının təqdimat mərasimini keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün təsviri hesabatların elektron qəbulu proqramının təqdimat mərasimini keçirib.Tədbirdə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Katibliyin əməkdaşları, QHT və media nümayəndələri iştirak ediblər.

Katibliyin icraçı direktoru Fərasət Qurbanov təsviri hesabatların elektron qəbulu proqramının yaradılmasının şəffaflığın, həmçinin hesabatların təqdim edilməsinin asanlaşdırılması və bu sahədə xidmətin keyfiyyətinin artırılması məqsədi daşıdığını diqqətə çatdırıb. İcraçı direktor qeyd edib ki, maliyyə hesabatları 2013-cü ildən elektron qaydada qəbul edilir.

Bu ildən etibarən isə təsviri hesabatların da elektron qaydada qəbulu prosesinə başlanıb. QHT-lərin bütün hesabatları onların fərdi elektron kabinetlərində yerləşdiriləcək.

Toplantıda çıxış edən Şura üzvü, Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, deputat Şahin İsmayılov təmsil etdiyi qurumun öz fəaliyyətində daim şəffaflığın təmin olunmasına xüsusi diqqət ayırdığını deyib. Şura üzvü elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində Katibliyin həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirdiyini bildirib.