BÖLMƏLƏR

Balakən və Zaqatala rayonlarında Şuranın fəaliyyəti və dəstəklədiyi layihələr maraqla qarşılanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Balakən və Zaqatala rayonlarında yerli QHT-lərin, fəal gənclərin, KİV-lərin, yerli icra strukturlarının, bələdiyyələrin, təhsil işçilərinin və rayon fəallarının iştirakı ilə “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliğində QHT-lərin rolu” mövzusunda seminar keçirib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov seminarda geniş məruzə ilə çıxış edib.

F. Qurbanov vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyinin əsas istiqamətləri, ölkə QHT-lərinin çoxşaxəli fəaliyyəti, vətənpərvərlik mövzusunda həyata keçirilən layihələr, azərbaycançılığın təbliğində region gənclərinin üzərinə düşən vəzifələr, milli-mənəvi dəyərlərin təbliği, ictimai problemlərə yeni yanaşma metodları haqqında ətraflı məlumat verib. F.Qurbanov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına göstərdiyi yüksək diqqət və qayğıdan, onların fəaliyyəti üçün yaratdığı hərtərəfli imkanlar haqqında danışıb. Məruzədə ölkə prezidentinin ordu quruculuğu, Azərbaycançılıq idiologiyası, multukultural dəyərlərin qorunması və təbliği, ölkəmizin hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl siyasət məsələlərinə geniş yer ayrılıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş soydaşlarımızın xatirəsinə həsr olunmuş tədbirlər, şəhid ailələri və müharibə veteranları ilə bağlı layihələr, bu istiqamətdə ölkə daxilində və xarici ölkələrdə Şuranın həyata keçirdiyi tədbirlər barədə seminar iştirakçılarına geniş məlumat verilib.

Balakən rayon İcra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova və Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov təmsil etdikləri rayonlarda vətənpərvərliklə bağlı həyata keçirilən tədbirlərdən, gənclər klubunun fəaliyyətindən və ictimai problemlərin həllində QHT-lərin oynadığı rolun əhəmiyyətindən danışıblar.

Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru, Milli QHT Formunun regionlar üzrə vitse- prezidenti Qalib Nəbiyev yerli QHT-lər tərəfindən regionda görülən işlər və vətənpərvərlik mövzusunda həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış edib.

Balakən rayon Aktiv Gənclər Klubunun rəhbəri Sərxan Hacıyev, Zaqatala Mədəniyyət işçiləri Həmkarlar İttifaqının sədri Sona Qazıyeva, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Zaqatala regional nümayəndəsi Elvin Qarayev, Zaqatala rayon mədəniyyət mərkəzinin rəhbəri Hümbətova Samirət, "Yeni Fikir" İB-nin sədri Elmira Mehdiyeva və digər iştirakçılar müzakirələrdə çıxış edərək vətənpərvərlik mövzusunda keçirilən tədbirlər barədə danışıblar.