BÖLMƏLƏR

Azay Quliyev Isveç Krallığının Azərbaycan, Tacikistan, Türkmənistan və Özbəkistandakı səfiri xanım İnqrid Tersmanla görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında İsveç Krallığının Azərbaycan, Tacikistan, Türkmənistan və Özbəkistandakı   səfiri xanım İnqrid Tersmanla görüş keçirilib.

Xanım İnqrid Tersman Azərbaycan və İsveç arasında bir çox sahələrdə səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayıb. Səfir Azərbaycanda vətəndaş cəmiyyətinin mövcud vəziyyəti və Şuranın fəaliyyəti haqqında məlumat almaq istədiyini bildirib.

Şura sədri Azay Quliyev Şuranın fəaliyyəti haqqında səfirə ətraflı məlumat verib. Azay Quliyev Şuranın yarandığı gündən QHT-lərə konsultativ, informasiya, təşkilati-texniki, maliyyə və metodik dəstək  verdiyini deyib. Ötən 8 il ərzində Şura 4500-dən artıq yerli QHT-nin , 2013-cü ildən isə 60-a yaxın xarici QHT-lərin layihəsini maliyələşdirib. Şura sədri QHT-lərlə bağlı qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərin əsas məqsədinin QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılığı artırmaq və effektiv koordinasiyanı təmin etmək olduğunu səfirin diqqətinə çatdırıb.

Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində indiyədək hər hansı irəliləyişin əldə olunmamasına görə obyektiv və ədalətli mövqe tutmayan beynəlxalq ictimaiyyətin böyük məsuliyyət daşıdığını qeyd edib. AT�T-in Minsk Qrupunun fəaliyyətini tənqid edən Azay Quliyev 2007-ci ildə BMT Baş Assambleyasının iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair” qətnamənin əleyhinə səs verən 7 ölkədən 3-nün həmsədr ölkələr olduğunu vurğulayıb: “Bu yaxınlarda AT�T PA-da Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" adlı hesabatın müzakirəsi ilə bağlı Minsk Qrupu həmsədrlərinin verdiyi bəyanat faktiki olaraq Ermənistanın müdafiəsinə yönəlmişdir.  Həmsədrlər bu bəyanatla digər beynəlxalq təşkilatların problemin həllinə töhvə verməsinə qarşı çıxmış və bu məsələnin inhisarlarından kənara çıxmasına razı olmadıqlarını bəyan etmişdir”.

Azay Quliyev İsveçin adıçəkilən münaqişənin həlli prosesində daha aktiv rol oynamasının və münaqişə ilə bağlı həqiqətlərin Avropanın siyasi dairələrinə çatdırılmasında səylərinin artırmasının vacibliyini qeyd edib.

�traflı məlumata görə Şura sədrinə təşəkkürünü bildirən xanım İnqrid Tersman İsveç Krallığının xarici işlər naziri, xanım Margot Vallströmin bu günlərdə Azərbaycana etdiyi səfərində qeyd olunan məsələlərin müzakirə edildiyini bildirib. Xanım İnqrid Tersman bu səfərin iki ölkə arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini göstərdiyini deyib.

Görüş müxtəlif mövzular ətrafında müzakirələrlə davam etdirilib.

XƏBƏRİ PAYLAŞ