BÖLMƏLƏR

Şurada Türkiyənin ölkəmizdəki səfiri ilə görüş keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə görüş keçirilib.

Səfir iki ölkə rəhbərlərinin siyasi iradəsi və səyləri nəticəsində Azərbaycanla Türkiyə arasında olan münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilərək strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və bunun dünyaya müttəfiqlik örnəyi olduğunu vurğulayıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemində daim artan gücü ilə Türkiyənin ən böyük arxası, dəstəyi olduğunu deyən səfir İsmail Alper Coşkun ictimai sektorun və Şuranın fəaliyyəti ilə də yaxından maraqlandıqlarını qeyd edib.

İki qardaş dövlət arasında əlaqələrin dərin tarixi və mədəni  köklərinin olduğunu bildirən Şura sədri Azay Quliyev bu münasibətlərin strateji xarakter daşıdığını deyib. Hər iki ölkənin ortaq maraqlarının və problemlərinin mövcudluğuna diqqəti çəkən Azay Quliyev vətəndaş cəmiyyəti sahəsində münasibətlərin daha da inkişafı üçün böyük potensialın olduğunu və bunun konkret sənədlərə əsaslanmasının vacibliyini vurğulayıb.

 Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində ötən il 4 Türkiyə təşkilatının layihəsinin maliyələşdirildiyini bildirən Azay Quliyev bunların hər biri ilə bağlı səfirə ətraflı məlumat verib.  A. Quliyev Şuranın dəstəyi ilə keçirilən xarici layihələrin Azərbaycanın milli maraqlarının müdafiəsinə həsr edildiyini qeyd edib.

Azay Quliyev iki dövlətin icraedici strukturları və parlamenti arasında yüksək səviyyədə münasibətlərin olmasına rəğmən vətəndaş cəmiyyəti inistitutları arasında əməkdaşlığın səviyyəsinin qaneedici olmadığını bildirib. Şura sədri Azərbaycan və Türkiyə arasında QHT sahəsində Anlaşma Memorandumunun imzalanması, iki ölkənin vətəndaş cəmiyyətlərinin I forumunun keçirilməsi və ortaq layihələrin dəstəklənməsi ilə bağlı təkliflərini səsləndirib.

Səfir verilən təklifləri müsbət qarşıladığını və səlahiyyətləri çərçivəsində onların reallaşmasına yardım edəcəyini bildirib.

XƏBƏRİ PAYLAŞ