BÖLMƏLƏR

Azay Quliyev Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Böyük Britaniyanın ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri İrfan Siddiqlə görüşüb.Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ölkəmizdə çalışmasından məmnunluğunu bildirib. Böyük Britaniyanın ölkəmizdəki səfiri Şuranın fəaliyyəti, onun qanunvericilik təşəbbüsü və xarici QHT-lər üçün qrant proqramı  haqqında ətraflı məlumat almaq istədiyini ifadə edib.Azay Quliyev Şuranın yaranması və fəaliyyəti haqqında səfirə ətraflı məlumat verərək, qurumun dövlətlə vətəndaş cəmiyyəti arasında körpü rolu oynadığını bildirib. A. Quliyev Şuranın demokratik prinsiplər əsasında formalaşdırıldığını, 11 üzvündən 8-nin vətəndaş cəmiyyətini təmsil etdiyini vurğulayıb. Şuranın 6 illik fəaliyyəti dövründə heç bir siyasi, dini, etnik ayrıseçkilik etmədən 2500-dən artıq QHT-nin layihəsini maliyələşdirdiyini qeyd edən A. Quliyev təşkilatların qanunvericiliklə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün “hüquq və monitorinq” komissiyası yaratdıqlarını səfirin diqqətinə çatdırıb.Azay Quliyev  Şuranın yalnız donor rolu oynamadığını eyni zamanda Azərbaycan QHT-lərinə məlumat, konsultativ, metodiki, təşkilati-texniki sahədə də dəstək verdiyini vurğulayıb.  Şuranın ötən ildən etibarən xarici QHT-lər üçün həyata keçirdiyi qrant proqramı haqqında da səfirə məlumat verən A.Quliyev əməkdaşlıq etdikləri Böyük Britaniyanın vətəndaş cəmiyyəti qurumları haqqında da danışıb.Şuranın təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisində “Könüllülük fəaliyyəti haqqında” və “İctimai iştirakçılıq haqqında” qanunların qəbul edildiyini bildirən Azay Quliev onların ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm hüquqi baza rolu oynadığını deyib.Azay Quliyev Böyük Britaniyanın ölkəmizə ən çox sərmayə qoyan dövlət olduğunu qeyd edərək Azərbaycan üçün vacib tərəfdaş olduğunu vurğulayıb. Şura sədri eyni zamanda ölkəmizdə Böyük Britaniyanın bir sıra beynəlxalq QHT-lərinin uzun müddətdən bəri fəaliyyət göstərərək müxtəlif sahələrdə layihələr icra etdiyini və yerli təşkilatlarla səmərəli əməkdaşlıq münasibətlərinə malik olduğunu bildiriib. Şura sədri A.Quliyev B.Britaniyanın vətəndaş cəmiyyəti sahəsində çoxillik tarixə malik zəngin təcrübəsinin olduğunu və Azərbaycan QHT-lərinin də bundan bəhrələnməyə maraq göstərdiyini qeyd edib.Səfir İrfan Siddiq Şuranın fəaliyyətini müsbət dəyərləndirdiyini, QHT-lərin inkişafı ilə bağlı təkliflərin və gələcək əməkdaşlıq  imkanlarının müzakirəsinə hazır olduğunu qeyd edib. Böyük Britaniyanın ölkəmizdəki səfiri həmçinin hər iki dövlətin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı tanışlıq səfərlərinin təşkil edilməsinin faydalı ola biləcəyinidə deyib.Sonra tərəflər mümkün əməkdaşlıq mövzularını müzakirə edərək görüşlərin davam etdirilməsi haqqında razılığa gəliblər.

XƏBƏRİ PAYLAŞ