BÖLMƏLƏR

Azay Quliyev İstanbul Ticarət Odasının təmsilçiləri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev İstanbul Ticarət Odasının Azərbaycanda qonaq olan nümayəndə heyətilə görüşdü.Qonaqlar adından danışan Türkiyə millət vəkili Seyid Sertçelik ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın yüksək səviyyəsini qeyd edərək, qondarma erməni soyqırımı təbliğatına qarşı birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini bildirdi.  Türkiyənin ictimai qurumları ilə əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məsələlərinə toxunan Şura sədri A.Quliyev qonaqlara ötən illər ərzində ölkələrimizin milli maraqlarının qorunması istiqamətində Türkiyə hökuməti, bələdiyyələr, millət vəkilləri və Sivil Toplum Quruluşları ilə birgə həyata keçirilmiş tədbirlər haqqında məlumat verdi. A.Quliyev qeyd etdi ki, qondarma erməni soyqırımı təbliğatının dünyada Türkiyəyə qarşı yönəldilməsinə cavab olaraq Azərbaycan ermənilərin törətdiyi Xocalı soyqırımını daim gündəmə gətirərək tanıdır. Şura sədri son illər bu işdə Türkiyə və Azərbaycan ictimai qurumlarının fəaliyyətinin daha sıx koordinasiya edildiyini vurğuladı.Görüşdə 2015-ci il qondarma erməni soyqırımının yubileyi iddialarının ifşa edilməsi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün İşçi Qrupun yaradılması və keçiriləcək tədbirlərdə QHT-lərin yaxından iştirakı haqda razılıq əldə edildi.

XƏBƏRİ PAYLAŞ