BÖLMƏLƏR

Qara dəniz İqtisadi əməkdaşlıq Təşkilatı ölkələrinin QHT-lərinin Forumu yarandı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda Qara dəniz İqtisadi əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının I Forumu (təsis yığıncağı) keçirildi.Forumu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev açaraq, Qara dəniz İqtisadi əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlığının əlaqələndirilməsi üçün müvafiq qurumun yaradılmasının əhəmiyyəti və vacibliyi haqqında danışdı. A.Quliyev qeyd etdi ki, Forumun yaradılması üçün keçirilən bu təsis yığıncağında on bir ölkənin - Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstanın nüfuzlu QHT-lərinin rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, yerli hökumət rəsmiləri və QHT nümayəndələri iştirak edirlər. A.Quliyev bildirdi ki, Forumun təşkilində məqsəd quruma üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin koordinasiya edilməsi, regionda reallaşdırılan layihələrə ictimai dəstək verilməsi, qarşılıqlı əməkdaşlığa, münaqişələrin aradan qaldırılması təşəbbüslərinə vətəndaş cəmiyyəti institutlarının potensialının səfərbər edilməsidir.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov səsləndirdi. Müraciətdə deyilir: “Ümidvaram ki, forumda iştirak edən qeyri-hökumət təşkilatlarının təmsilçiləri regionumuzda qazanılmış müsbət təcrübəyə arxalanaraq, gələcək fəaliyyətin başlıca istiqamətlərinin müəyyənləşdirilməsi, forma və metodlarının tapılması üçün səmərəli müzakirələr aparacaq və müvafiq qərarlar qəbul edəcəklər. Forumun işinə uğurlar, hər bir iştirakçıya möhkəm can sağlığı və səadət arzulayıram!Toplantı iştirakçılarını salamlayan Milli Məclis sədrinin müavini xanım Bahar Muradova Qara dəniz İqtisadi əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlığına Azərbaycan hakimiyyətinin bütün səviyyələrində, o cümlədən parlament səviyyəsində də dəstək veriləcəyini vurğuladı.Qara dəniz İqtisadi əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, millət vəkili İsmayıl Safı toplantının əhəmiyyətini qeyd edərək, region QHT-lərinin əməkdaşlığı üçün ilk addımların atılmasının vacibliyini bildirdi.Forumun Nizamnaməsinin müzakirəsində çıxış edən Rusiya nümayəndəsi Markov S.A., Ukrayna nümayəndəsi İ.Slobodianik, Türkiyə nümayəndələri İ.Safı və H.Eren, Rumıniya nümayəndəsi D.S.Manuela, Serbiya nümayəndəsi M.Diordjeviç, Azərbaycan QHT-lərinin rəhbərləri R.Nurullayev, R,Zeyni, U.Rəhimoğlu və başqaları sənədə öz qeyd və təkliflərini bildirdilər. Beləliklə, Forum təsis edildi və Nizamnamə qeyd və təkliflər nəzərə alınmaqla qəbul olundu.Nümayəndələrin ümumi səsverməsilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Forumun sədri seçildi.Forumun fəaliyyətinin planlaşdırılması üçün növbəti toplantının 2013-cü ildə Ankara şəhərində keçirilməsi qərara alındı.Forum iştirakçıları toplantının yekunu olaraq, yekdilliklə Bakı Bəyannaməsini qəbul etdilər. Bəyannamədə deyilir: “Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatı ölkələri hökumətlərinin regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, mövcud münaqişələrin beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində həllinə, etnik separatizmə və terrorizmə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə yönəlik təşəbbüslərinə vətəndaş cəmiyyəti institutlarının ictimai dəstəyi təmin edilsin.
Daha sonra Bəyannamədə Qara dəniz İqtisadi əməkdaşlıq Təşkilatı ölkələrində demokratiyanın inkişafı və insan haqlarının qorunması məsələləri QHT-lərin diqqət mərkəzinə çəkilərək deyilir: “Üzv ölkələrdə demokratiyanın inkişafı, insan hüquqları və azadlıqlarının qorunması naminə bu dəyərləri bölüşən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi region QHT-ləri tərəfindən daim təşviq edilsin və onların bu yöndə həyata keçirdikləri layihələr dəstəklənsin.
Bəyannaməni toplantında iştirak edən ölkə QHT-lərinin aşağıdakı rəhbərləri imzaladılar:
1. Albaniya Rrespublikası, Albaniya Araşdırmalar İnstitutunun rəhbəri xanım Enida Sqapi
2. Azərbaycan Respublikası, “Inkişaf "Sosial və İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri xanım Gülnarə İsmayılova
3. Bolqarıstan Respublikası, “Slavyani" Fondunun rəhbəri cənab Enyo Savov
4. Gürcüstan Respublikası, “Biliki" Cəmiyyətinin sədri xanım Mari Mgevişvili
5. Rusiya Federasiyası, İctimai Palatanın üzvü Sergey Markov
6. Moldova Respublikası, Eko-TİRAS Beynəlxalq Çay Bələdçilərinin Ekoloji Assosiasiyasının sədri xanım Tatiana Arikova
7. Yunanıstan Respublikası, ELİAMEP təşkilatının rəhbəri cənab Yevangelos Venetis
8. Rumıniya Respublikası, “Mare Mostrum" təşkilatının rəhbəri xanım Diana Manuela
9. Serbiya Respublikası, SEE-CIVİS QHT-lər Assosiasiyasının sədri Marina Djordjeviç
10. Türkiyə Cümhuriyyəti, Avrasiya QHT əməkdaşlığı Assosiasiyasının prezidenti İsmayıl Safi
11. Ukrayna Respublikası, “Üniversitet" Təhlil Mərkəzinin rəhbəri İvan Slobodianik

XƏBƏRİ PAYLAŞ