BÖLMƏLƏR

ABŞ səfirinin müşaviri Şurada oldu

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri xanım Fanta Orr ilə görüşdü.Görüşdə A.Quliyev xanım F.Orra sədri olduğu Şuranın yaranması, fəaliyyəti və gələcək planları, həmçinin Şura tərəfindən hazırlanmış yeni qanun layihələri və bu layihələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakı barədə məlumat verdi. A.Quliyev qeyd etdi ki, Şura yarandığı vaxtdan indiyədək 1500-dən artıq QHT layihəsi maliyyələşdirib və bunun üçün on milyon manatdan artıq dövlət vəsaiti ayrılıb. Həyata keçirilmiş layihələrin ümumi mövzuları barədə danışan Şura sədri maliyyə müsabiqələrinə təqdim edilən layihələrdə əsasən sosial problemlərin, demokratiya və insan hüquqları, ekologiya və ətraf mühitin mühafizəsi, qaçqın və köçkünlərlə bağlı bir sıra məsələlərin üstünlük təşkil etdiyini vurğuladı.Daha sonra xanım Orr razılaşdırılmamış mitinqlərdə iştiraka görə tətbiq olunan cərimələrin məbləğinin artırılması və bunun sərbəst toplaşma azadlığına təsiri barədə Şura sədrinin fikirlərini soruşdu. A.Quliyev bu dəyişikliklərin heç bir halda sərbəst toplaşma azadlığını məhdudlaşdırmayacağını qeyd etdi.
Sonda A.Quliyev Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu və qarşı tərəfi də əməkdaşlığa dəvət etdiyini bildirdi.

XƏBƏRİ PAYLAŞ