BÖLMƏLƏR

Azay Quliyev Beynəlxalq Amnistiya Təşkilatının təmsilçilərilə görüşdü

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Beynəlxalq Amnistiya Təşkilatının Avropa və Mərkəzi Asiya Proqramının direktor müavini Con Dalhusen və Proqramın tədqiqatçı eksperti Nataliya Nozadze ilə görüşdü.Şuranın ofisində keçən görüşdə cənab C.Dalhusen Azərbaycanda “Diffamasiya haqqında" qanun layihəsinin müzakirəsi və qəbulu məsələlərilə maraqlandığını bildirdi.Şura sədri Azay Quliyev qeyd etdi ki, “Diffamasiya haqqında" qanun layihəsi ATƏT-in Bakı Ofisinin dəstəyi ilə millət vəkilləri, jurnalist təşkilatlarının nümayəndələri və hüquqşünasların daxil olduğu işçi qrup tərəfindən 2005-ci ildə hazırlanıb və bütövlükdə ölkə ictimaiyyəti arasında, eləcə də mediada müzakirələrə səbəb olub.A.Quliyev bildirdi ki, qanun layihəsində jurnalist peşəkarlığı və jurnalist məsuliyyətinə aid müddəalar ölkə mediasında baş verən bir sıra xoşagəlməz tendensiyaların aradan qaldırılmasına yardım edəcəkdir. Belə ki, bəzi hallarda vətəndaşların şərəf və ləyaqəti, işgüzar nüfuzu ayrı-ayrı media orqanları və jurnalistlər tərəfindən təhdidlərə məruz qalır və nəticədə cəmiyyətdə ictimai aqressivlik artır, qarşılıqlı ədavət güclənir.Yaxın zamanlarda “Diffamasiya haqqında" qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılmasına və qəbul edilməsinə heç bir maneə görmədiyini bildirən A.Quliyev Azərbaycan dövlətinin ölkə mediasının inkişafına göstərdiyi diqqət və qayğı haqqında danışdı: “Cənab Prezident İlham Əliyevin fərmanı ilə KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması ilə ölkənin aparıcı media qurumları, siyasi platformasından asılı olmayaraq, dövlət büdcəsindən maddi dəstək almağa başladılar. A,Quliyev, həmçinin, rəhbərlik etdiyi QHT-lərə Dövlət Dəstəyi Şurasının da medianı təmsil edən bir çox QHT-lərə mütəmadi maliyyə yardımları ayırdığını da diqqətə çəkdi.Beynəlxalq qurumların, o cümlədən Beynəlxalq Amnistiya Təşkilatının da hər il hazırladığı hesabatlarda Azərbaycan reallıqlarına münasibət məsələsinə toxunan A.Quliyev obyektivlik amilini əsas götürməyin vacibliyini qeyd edərək, bu hallarda faktların bir yox, bir neçə mənbədən dəqiqləşdirilməsinin zəruriliyini qonaqların diqqətinə çatdırdı.

Mətbuat xidməti

XƏBƏRİ PAYLAŞ