BÖLMƏLƏR

Şuranın nümayəndə heyəti Türkiyədə erməni yalanlarına qarşı çıxış etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Qəzetəçilər Federasiyasının dəvəti ilə aprelin 21-23 İzmir şəhərində səfərdə oldu.Səfərin məqsədi 24 aprel tarixi ilə bağlı ermənilərin qaldırdığı qondarma soyqırım iddialarına qarşı çıxış edərək, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını nümayiş etdirmək, ötən əsrdə Qafqazda və Türkiyə ərazilərində baş vermiş müdhiş erməni cinayətləri haqqında əsl tarixi həqiqətləri dünyaya çatdırmaq idi.Səfər çərçivəsində silsilə tədbirlər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə QHT layihələri çərçivəsində hazırlanmış təbliğat materiallarının - kitab, broşur, sənədli film və fotoların nümayiş etdirildiyi sərgi keçirildi. Bunların sırasında “Çanaqqladan başlanan yol", “Soyqırım" (Quba), “İrəvan: danışır canlı şahidlər" sənədli filmləri, “Erməni yalanları", “Qarabağ abidələri", “Məcburən erməniləşdirmə", “Bağanis Ayrım soyqırımı", “Qarabağ gündəliyi" və 43 adda digər kitablar, eləcə də 100-ə yaxın fotoşəkil vardı. Bu materiallarda ermənilərin türk-müsəlman əhaliyə qarşı Azərbaycan və Türkiyə ərazilərində törətdikləri soyqırım cinayətləri ifşa edilir, tarixi gerçəkliklər faktlara və arxiv sənədlərinə istinadən şərh olunurdu. Sərgidə erməni silahlı quldur dəstələrinin Türkiyə bölgələrinə hücumunu əks etdirən fotoşəkillər ilk dəfə nümayiş etdirildi.Sərgidə Türkiyə mətbuatı, televiziya və radiolarının İzmirdəki bölgə müxbirləri, jurnalist birlikləri və qeyri-hökumət təşkilatları nümayəndələri, eləcə də İzmir şəhər rəhbərləri iştirak etdilər. Sərgidə nümayiş etdirilən materiallara mətbuatın marağı və diqqəti bir daha göstərdi ki, ermənilərin tarixən və son iyirmi ildə azərbaycanlılara qarşı törətdikləri soyqırım vəhşilikləri Türkiyə ictimaiyyəti arasında yetərincə təbliğ edilməyib. Bu istiqamətdə Azərbaycan mətbuatının və QHT-lərinin maarifləndirici fəaliyyətinin davam etdirilməsinə böyük ehtiyacın olması həm nümayəndə heyətinin sərgi çərçivəsində keçirdiyi mətbuat konfransında, həm də ikitərəfli görüşlərdə xüsusilə vurğulandı.Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Türkiyə jurnalistləri ilə birlikdə “Yeni əsr" televiziyası vasitəsilə yayımlanan 1,5 saatlıq birbaşa efirdə qondarma erməni soyqırımı ilə bağlı fikirlərini bildirdilər. Qeyd edildi ki, yüz ildən artıq bir müddətdə dünyanın supergücləri tərəfindən dəstəklənən erməni iddiaları təkcə qondarma soyqırımın tanınması ilə bitmir, alt qatda türk dövlətlərini sarsıtmaq və məhv etmək planını təqib edir. Ermənilərin türk-müsəlman əhaliyə qarşı yeritdiyi soyqırım vəhşiliklərinə göz yuman həmin güc mərkəzlərinin ikili standartları nümayəndə heyətinin və Türkiyə jurnalistlərinin çıxışında da qeyd edildi. Bu siyasətin ifşası üçün Türkiyə və Azərbaycanın bütün müvafiq qurumlarının, o cümlədən QHT-lərin daim birlikdə olması və sıx əməkdaşlıq etməsinin vacibliyi bir daha vurğulandı. Bu məsələlər barədə Azay Quliyev Türkiyənin NTV, TRT, Ege TV və digər telkanalların xəbərlər proqramına verdiyi müsahibədə də ətraflı danışdı.Nümayəndə heyətinin Türkiyə Qəzetəçilər Federasiyasının sədri Atilla Sertel və cəmiyyətin İzmir bölgəsi üzrə idarə heyətinin üzvləri, həmçinin Anadolu Ajansı İzmir Bölgə müdiri Muammar Başkanla görüşündə erməni yalanlarına qarşı təbliğatda ölkələrimizin mediasının fəallaşmasının və informasiya siyasətində çevik əməkdaşlığın gücləndirilməsinin zəruriliyi diqqətə çatdırıldı.Nümayəndə heyətini böyük səmimiyyət və mehribanlıqla qəbul edən İzmir şəhər valisi Cahit Kıraçı, eləcə də İzmir Böyük Şəhər Bələdiyyə başkanı Aziz Kocaoğlu ilə görüşlərdə Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmləndirilməsi, İzmir şəhəri ilə Azərbaycan arasında mədəni, ictimai və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparıldı.Nümayəndə heyətinin görüşdüyü İzmir Ticarət Odası Başkanı Ekrem Demirtaş və Egey Bölgə Sənaye Odası başkan yardımçısı İbrahim Göganoğlu Azərbaycanla İzmir şəhəri, eləcə də Egey bölgəsi arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulandı. Azərbaycanın SOCAR şirkətinin bölgə iqtisadiyyatına 5 milyard dollar yatırım qoymaqla “Petkim" neft-emal sənaye mərkəzini yaratması əməkdaşlığın yüksək səviyyəsi kimi qeyd edildi.Aprelin 23-də nümayəndə heyəti ənənəvi olaraq hər il İzmirdə keçirilən Cocuk Bayramının təntənəli açılış mərasiminə qatıldı. İzmir şəhər rəhbərlərinin, güvənlik qurumları başçılarının, ictimaiyyət təmsilçilərinin və on minlərlə məktəbli uşağın iştirak etdiyi bu bayram yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsinin mühüm bir hissəsi kimi böyük təmtəraqla keçirilir. Bayramda 1915-ci il 23 aprel tarixi Türkiyə istiqlaliyyət savaşı və Türkiyə xalqının azadlığı üçün əm önəmli günlərdən biri olaraq dəyərləndirilir, gənc nəsil böyük Atatürkün yaratdığı milli dəyərlərə sadiq olmağa çağırılır.Nümayəndə heyətinə Şura üzvü Əliməmməd Nuriyev, Şuranın mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı, Şuranın eksperti, Parlament Jurnalistləri İctimai Birliyinin sədri Elşad Eyvazlı daxil idi.

Mətbuat xidməti

XƏBƏRİ PAYLAŞ