BÖLMƏLƏR

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım cinayətləri haqda Şuranın hazırladığı təbliğat materialları Türkiyədə sərgilənəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Qəzetəçilər Federasiyasının dəvəti ilə aprelin 21-23 İzmir şəhərində səfərdə olacaqdır.Səfərin məqsədi 24 aprel tarixi ilə bağlı ermənilərin qaldırdığı qondarma soyqırım iddialarına qarşı çıxış edərək, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını nümayiş etdirmək, ötən əsrdə Qafqazda və Türkiyə ərazilərində baş vermiş müdhiş erməni cinayətləri haqqında əsl tarixi həqiqətləri dünya xalqlarına çatdırmaqdır.Səfər çərçivəsində silsilə tədbirlər, o cümlədən sərgi keçiriləcəkdir. Sərgidə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə QHT layihələri çərçivəsində hazırlanmış təbliğat materialları nümayiş etdiriləcəkdir. Kitab, broşur, sənədli film və fotolardan ibarət bu materiallarda ermənilərin Azərbaycan və Türkiyə ərazilərində törətdikləri soyqırım cinayətləri ifşa edilir, tarixi gerçəkliklər faktlara və arxiv sənədlərinə istinadən şərh olunur. Sərgidə erməni silahlı quldur dəstələrinin Türkiyə bölgələrinə hücumunu əks etdirən fotoşəkillər ilk dəfə nümayiş olunacaq.Tədbir çərçivəsində nümayəndə heyətinin uydurma soyqırım, erməni yalanları və xəyanətləri mövzusunda mətbuat konfransı keçirməsi, müxtəlif televiziya proqramlarında iştirakı, jurnalist birlikləri və İzmir şəhər rəhbərlərilə görüşü planlaşdırılır.Nümayəndə heyətinə Şura üzvü Əliməmməd Nuriyev, Şuranın mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı, Şuranın eksperti, Parlament Jurnalistləri İctimai Birliyinin sədri Elşad Eyvazlı daxildir.

Mətbuat xidməti

XƏBƏRİ PAYLAŞ