BÖLMƏLƏR

Şura və BMT İnkişaf Proqramı region QHT-lərinin idarəçilik potensialının gücləndirilməsinə dair yeni layihənin icrasına başlayır

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və BMT İnkişaf Proqramı “Azərbaycanda yerli QHT sektorunun idarəçilik potensialının gücləndirilməsi adlı birgə layihə üzrə sənədin imzalanma mərasimini keçirdilər.Layihənin əsas məqsədi QHT sektorunun davamlı inkişafının təmin edilməsi üçün Azərbaycan regionlarında fəaliyyət göstərən QHT-lərin idarəetmə, layihə tərtibatı və icrası, həmçinin mühasibat uçotunun aparılması sahəsində təcrübəsinin təkmilləşdirilməsi, onlara konsultativ yardımların göstərilməsi və təlimlərin keçirilməsidir.BMT İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında QHT sektorunun yaradılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlıq 1997-ci ildən etibarən başlanmış və 1999-cu ildə bu əməkdaşlıq nəticəsində Azərbaycan Milli QHT Forumu yaradılmışdır. BMTİP-in texniki və maliyyə dəstəyi ilə Milli QHT Forumu öz fəaliyyətinin ilk illərində 5 regional QHT Resurs və Təlim Mərkəzi yaratmışdır ki, onların hər biri bu gün də 10-15 rayonun QHT-lərinə xidmət göstərir. Bütövlükdə BMT İnkişaf Proqramı Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf məsələləri üzrə daim yerli hakimiyyət orqanları və QHT-lərlə əməkdaşlıq etmişdir. Azərbaycan hökumətinin BMT İnkişaf Proqramı və başqa nüfuzlu beynəlxalq qurumlarla, eləcə də yerli vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı 2007-ci ildə Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun yeni mərhələsinin başlanmasını mümkün etmişdir.Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə dəstəyinin bir hissəsi kimi, Azərbaycan Respublikasının Prezidenti 27 iyul və 13 dekabr 2007-ci il tarixli müvafiq fərmanları ilə ölkədə QHT inkişaf Konsepsiyasını və QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasnaməsini təsdiq etmişdir. 2008-ci ilin əvvəllərində QHT nümayəndələri arasında keçirilmiş seçkilər nəticəsində Şura üzvlüyünə namizəd seçilmiş şəxslərin sırasından 8 nəfər, dövlət qurumları təmsilçilərindən isə 3 nəfər Şura üzvü Prezidentin müvafiq sərəncamı ilə təsdiqləndikdən sonra Şura 11 nəfərlik heyətlə fəaliyyətə başlamışdır. Hal-hazırda Şura 15 müxtəlif tematik sahədə QHT-lərin fəaliyyətini dəstəkləyir və QHT-lərə məlumat, konsultativ, metodiki, təşkilati-texniki və maliyyə dəstəyi formasında yardımlar göstərir. Keçirdiyi iki maliyyə yardımı müsabiqəsində Şura QHT-lərə 3,2 milyon AZN maliyyə yardımı etmişdir. Şuranın rolu indiyə qədər QHT icmasına göstərilən maliyyə dəstəyi sahəsində üstünlük təşkil etsə də, onun yardım göstərməli olduğu digər sahələrdəki fəaliyyətinə beynəlxalq dəstəyin verilməsi vacibdir.QHT-lərə Dövlət Dəstəyi Şurası Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Dövlət Proqramında nəzərdə tutulmuş “QHT sektorunun davamlı inkişafının təmin edilməsi istiqamətində öz öhdəsinə düşən vəzifələri yerinə yetirərək, region QHT-lərinin inkişafı üçün xeyli iş görmüşdür. Reallaşdırılmasına başlanan bu layihənin də region QHT-lərinin fəaliyyətini canlandıracağına ümidlər var.Layihə sənədini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri cənab Azay Quliyev və BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi cənab Bruno Pueza imzalamışlar.

XƏBƏRİ PAYLAŞ