Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2007-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi və həmin ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (bundan sonra Şura) yaradılması ölkəmizdə QHT sektorunun yeni inkişaf mərhələsinin əsasını qoydu. Belə ki, dövlət başçısının qəbul etdiyi bu mühüm və tarixi qərarlardan sonra QHT-lərin ictimai əhəmiyyətli təşəbbüslərini dəstəkləmək üçün ilk dəfə dövlət büdcəsindən maliyyə ayrıldı, QHT- hökumət münasibətləri yeni müstəviyə keçdi və vətəndaş cəmiyyətinin güclənməsi naminə ictimai sektorun bütün potensialının səfərbər olunması baxımından yeni imkanlar əldə edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2007-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi və həmin ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (bundan sonra Şura) yaradılması ölkəmizdə QHT sektorunun yeni inkişaf mərhələsinin əsasını qoydu. Belə ki, dövlət başçısının qəbul etdiyi bu mühüm və tarixi qərarlardan sonra QHT-lərin ictimai əhəmiyyətli təşəbbüslərini dəstəkləmək üçün ilk dəfə dövlət büdcəsindən maliyyə ayrıldı, QHT- hökumət münasibətləri yeni müstəviyə keçdi və vətəndaş cəmiyyətinin güclənməsi naminə ictimai sektorun bütün potensialının səfərbər olunması baxımından yeni imkanlar əldə edildi.
Bütün bu müddəalara, xüsusilə Konsepsiyada və Şuranın əsasnaməsində təsbit edilmiş dövlət dəstəyinin əsas prinsip və formalarına uyğun olaraq, 2009-cu ildə qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq edilmiş, onların ən müxtəlif təşəbbüsləri dəstəklənmiş və vətəndaş cəmiyyətinin inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.
Şuranın göstərdiyi dövlət dəstəyinin əsas istiqamətləri
· Məlumat dəstəyi
Şuranın, eləcə də ölkə QHT-lərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmaq, qeyri-hökumət təşkilatlarının inkişaf dinamikasını işıqlandırmaq məqsədilə Şuranın aylıq “Vətəndaş cəmiyyəti” jurnalı nəşr edilmişdir. 2009-cu ildə jurnalın 12 nömrəsi işıq üzü görmüşdür. Jurnalda Şura tərəfindən maliyyələşdirilmiş 220-dən çox layihənin hər biri haqqında informasiya, məqalə və müsahibə verilmiş, bütövlükdə ölkə QHT-lərinin fəaliyyəti izlənmiş, QHT qanunvericiliyi, QHT-hökumət münasibətləri və başqa vacib mövzular üzrə araşdırmalar aparılmışdır.
QHT-lər haqqında əhatəli televerilişin mütəmadi olaraq hər ay hazırlanması üçün Şura İctimai Televiziya ilə birgə layihə həyata keçirməyə başlamışdır. Şura təmsilçilərinin və ekspertlərin iştirakı ilə ilk televeriliş QHT fəaliyyətinin Şura ilə əlaqəli bir sıra məqamlarının analizinə və Şura tərəfindən maliyyələşdirilmiş layihələrin monitorinqinin I mərhələsinin yekunlarına həsr olunmuşdur.
2009-cu ilin iyul ayından etibarən ölkə QHT-ləri haqqında ictimaiyyətə geniş məlumatların verilməsi məqsədilə “Azərbaycan QHT-ləri” məlumat kitabının hazırlanmasına başlanılmışdır. Bu məqsədlə aparılan sorğular nəticəsində 800-ə yaxın QHT haqqında ətraflı məlumat toplanmışdır.
2009-cu ilin iyul ayından Şuranın maliyyələşdirdiyi layihələrin nəticələrinə həsr olunmuş kitabın da hazırlanmasına başlanmışdır. Kitabda Şura tərəfindən maliyyələşdirilmiş layihələr çərçivəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə ictimaiyyətə qısa məlumatların verilməsi və illüstrativ materialların yerləşdirilməsi nəzərdə tutulur.
“Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın məlumat dəstəyi müddəasına uyğun olaraq, ölkədə QHT inkişafının praktiki və nəzəri məsələlərini işıqlandırmaq məqsədilə Şuranın “QHTXEBER.AZ” saytı hazırlanmışdır. Sayt üçüncü sektora aid gündəlik informasiya mübadiləsinə əməli yardım etmək üçün bütün ölkə QHT-lərinin reallaşdırdığı layihələrin, o cümlədən Şura tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi prosesini hərtərəfli işıqlandırır. Saytda QHT-lərin fəaliyyətini əks etdirən bütün növ xəbərlər, elanlar, hesabatlar yerləşdirilir, QHT qanunvericiliyi, donor fəaliyyəti, QHT-lərin koalisiya və beynəlxalq əməkdaşlığı haqqında materiallar ictimai müzakirəyə çıxarılır. Bundan başqa, Şura və onun fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün təşkilatın azərbaycan və ingilis dillərində rəsmi saytı (www.cssn.gov.az) fəaliyyət göstərir.
· Konsultativ dəstək
2009-cu ilin yanvar ayında elan olunmuş maliyyə yardımı müsabiqəsinin istiqamətləri, şərtləri, qaydaları və digər sahələrdə dövlət dəstəyinin alınması imkanları barədə ölkə QHT-lərini məlumatlandırmaq, onları maraqlandıran məsələlərə aydınlıq gətirmək məqsədilə mütəmadi olaraq konsultativ sessiyalar təşkil edilmiş və bu sessiyalarda 200-dən çox QHT-lərə müxtəlif sahələr üzrə məsləhətlər verilmişdir.
2009-cu ilin avqust və sentyabr aylarında Şuranın 2010-cu il QHT-lərə maliyyə yardımı müsabiqəsinin istiqamətləri, qaydaları və mexanizmlərini təkmilləşdirmək məqsədi ilə ölkənin iri şəhərlərində (Gəncə, Lənkəran, Mingəçevir, Şirvan, Şəki, Zaqatala, Xaçmaz) ümumilikdə 600-dən çox yerli QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirələr keçirilmişdir. Bu müzakirələrdə region ictimaiyyətinə qeyri-hökumət təşkilatlarının fəaliyyəti, dövlət dəstəyinin alınması imkanları və müraciət formaları barədə ətraflı məlumatlar verilmişdir.
· Metodiki dəstək
“Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi və Şuranın yaradılması haqqında Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları, həmçinin Konsepsiya və Şuranın əsasnaməsi ilə ictimaiyyəti yaxından tanış etmək məqsədilə Azərbaycan və ingilis dillərində Şuranın xüsusi bukleti hazırlanmış və maraqlı tərəflərə paylanmışdır.
Şuranın yarandığı iki ilə yaxın müddətdə QHT-lərlə aparılan işlərin nəticəsi onu göstərir ki, QHT sektorunun institusional inkişafının təmin olunması üçün geniş maarifləndirmə işlərinin aparılması vacibdir. Ölkədə QHT idarəçiliyini qanuna müvafiq və beynəlxalq standartlara uyğun təşkil etmək üçün xüsusi nəşrlərin hazırlanması zərurəti meydana gəlmişdir. Bunu nəzərə alaraq, Şura 2009-cu ilin dekabr ayında QHT fəaliyyətinin bütün sahələrini əhatə edən 20 adda müxtəlif metodik vəsaitlərin hazırlanması barədə qərar qəbul etmişdir. Hazırda bu vəsaitlərin hazırlanması üzərində iş davam etdirilir. 2010-cu ildə metodik vəsaitlərin çap olunaraq QHT-lərin istifadəsinə verilməsi nəzərdə tutulur.
2009-cu ilin may ayından etibarən Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında milli hesabatın hazırlanmasına başlanılmışdır. 7 fəsildən ibarət bu hesabatda ictimai birliklərin yaranma tarixi, QHT-lərin hüquqi bazası, QHT-dövlət münasibətləri, QHT-lərin maliyyə mənbələri, QHT-lərin beynəlxalq əlaqələri, QHT sektorunun ümumi mənzərəsi və QHT-lərin təsnifatı haqda geniş məlumatlar verilir. Hazırda bu hesabat üzərində son tamamlama işləri aparılır və 2010-cu ilin ilk aylarında hesabat çap olunaraq ictimaiyyətin müzakirəsinə təqdim olunacaq.
· Təşkilati-texniki dəstək
Milli QHT-lərin, xüsusilə ölkənin regionlarında fəaliyyət göstərən QHT-lərin bilik və bacarıqlarının artırılması Şuranın qarşısında duran ən başlıca vəzifələrdən biri olmuşdur. QHT sektorunun təlim ehtiyaclarının ödənilməsi üçün bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT İnkişaf Proqramı ilə müzakirələr aparılmışdır. Aparılan müzakirələrin nəticəsi olaraq 2009-cu ilin sentyabr ayından etibarən Şura ilə BMT İnkişaf Proqramı arasında “Azərbaycanda yerli QHT sektorunun idarəçilik potensialının gücləndirilməsi” layihəsini həyata keçirmək barədə razılıq əldə edilmişdir. Bu layihə çərçivəsində Azərbaycanın regionlarında təlim keçmək bacarığı olan 20 nəfərdən ibarət peşəkar təlimçilər komandası hazırlanmış, onlar QHT idarəetməsi üzrə zəruri təlim materialları və təlimatlarla təmin edilmiş, bu təlimçilər tərəfindən region QHT-ləri üçün təlimlərin keçirilməsinə yardım göstərilmişdir. Ölkənin 5 region mərkəzində (Quba, Qəbələ, Mingəçevir, Şirvan, Şəmkir) fəaliyyət göstərən QHT Resurs və Təlim Mərkəzlərinin təlimçiləri, eləcə də digər rayonlardan və Bakı şəhərindən olan təcrübəli təlimçilər komandası tərəfindən “QHT idarəetməsinin əsasları”, “Layihə təkliflərinin hazırlanması və layihə idarəetməsi” və “QHT-lərdə mühasibat uçotunun aparılması” mövzusunda region QHT təmsilçilərinə təlimlər keçirilmişdir. Bu layihə çərçivəsində keçirilən təlimlərdə Bakıda 60, regionlarda isə 400 nəfər QHT təmsilçisi iştirak etmişdir.
2009-cu ilin iyun-dekabr aylarında Şuranın sifarişi ilə QHT-lərin fəaliyyətində şəffaflıq, vətənpərvərlik mövzulu layihələr donorların fəaliyyətində, milli donorçuluq fəaliyyəti, avrointeqrasiya sahəsində həyata keçirilən layihələr, Şuranın maliyyə yardımı müsabiqəsi və digər mövzulara həsr olunmuş debatlar keçirilmişdir. Bu debatlarda bütün maraqlı tərəflərin iştirakı təmin edilmiş və müzakirə olunan məsələlərə münasibət bildirilmişdir. Debatların keçirilməsində əsas məqsəd dövlətin vətəndaş cəmiyyətinin inkişafı sahəsində gördüyü işləri bu işlərin demokratik və şəffaf şəkildə həyata keçirilməsini təşviq etməkdən ibarət olmuşdur.
QHT-lərin ictimaiyyətlə əlaqələrinin qurulması və onların KİV-lərlə səmərəli əməkdaşlıq münasibətlərinin formalaşdırılması QHT sektorunun ən prioritet problemlərindən biridir. Bunu nəzərə alaraq, Şura bu sahədə QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması üçün 2009-cu ilin iyul-oktyabr aylarında ölkənin bir sıra regionlarında (Gəncə, Lənkəran, Şirvan, Şəki, Mingəçevir, Qəbələ, Quba) və Bakı şəhərində “QHT-lərin ictimaiyyətlə əlaqələrinin təşkili” mövzusunda 150-yə yaxın yerli QHT-lər və KİV nümayəndələri üçün təlimlər təşkil etmişdir.
· Maliyyə dəstəyi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 15 yanvar 2009-cu ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün növbəti maliyyə yardımı müsabiqəsi elan etmişdir. Müsabiqənin elan edildiyi müddət ərzində (15 yanvar -15 fevral 2009-cu il) Şura Katibliyi QHT-lərdən 569 layihə qəbul etmişdir.
Məlumat üçün bildiririk ki, 2008-ci ildə Şuranın elan etdiyi maliyyə yardımı müsabiqəsinə 361 QHT layihə təqdim etmişdi. Birinci maliyyə yardımı müsabiqəsi 2008-ci ilin iyul-avqust aylarında keçirilmiş və QHT layihələrinin maliyyələşdirilməsinə 1,2 milyon manat dövlət vəsaiti xərclənmişdir. Həmin müsabiqəyə daxil olmuş 361 QHT layihəsindən 190-ı müsabiqənin qalibi seçilərək, Şuradan maliyyə dəstəyi almışdır. Şura tərəfindən maliyyələşdirilmiş layihələrin həyata keçirilməsi Azərbaycanın ictimai sektorunda böyük canlanma yaratmış, vətəndaş cəmiyyəti quruculuğunun mühüm nəzəri və praktiki məsələlərinin cəmiyyətdə yenidən qabardılmasına təkan vermiş, milli donor institutunun formalaşması yolunda atılmış real addımların önəmini nümayiş etdirmişdir.
Məhz bu dinamik inkişafın və ictimai etimadın nəticəsidir ki, 2009-cu ildə Şuranın elan etdiyi ikinci maliyyə yardımı müsabiqəsinə ötən ilkindən 252 layihə artıq təqdim olunmuşdur. Müsabiqə müddətində 569, birgə müsabiqələrdə 17, il ərzində sərbəst mövzu istiqaməti üzrə 27 layihə (cəmi 613) Şuraya təqdim olunmuşdur. Təkcə müsabiqə müddətində ərizə təqdim edən 569 QHT-nin Şuradan tələb etdiyi ümumi məbləğ 8 978 890 manat təşkil etmişdir, Şuranın müsabiqə fondu isə 2 068 000 manatdan ibarət olmuşdur.
Milli QHT, dövlət orqanlarının və beynəlxalq təşkilatların nümayəndələri olan 19 nəfər ekspertin iştirakı ilə layihələrin ekspertizası təşkil edilmiş və layihə təklifinin hər biri ayrı-ayrılıqda 3 müxtəlif ekspert tərəfindən qiymətləndirilmişdir.
2009-cu ildə maliyyə yardımının istiqamətləri, müsabiqə fondu, maliyyələşən layihələrin sayı barədə məlumatı aşağıdakı cədvəldə təqdim edirik:
New Page 1
|
№
|
İstiqamətlərin adı
|
Müsabiqənin ümumi fondu
|
Şuranın ayırdığı məbləğ
|
Maliyyələşən
layihələrin sayı
|
|
1
|
İnsan hüquqları və
demokratiya
|
200.500,00
|
212.600,0
|
21
|
|
2
|
QHT-lərin institusional inkişafı
|
156.590,00
|
157.970,0
|
15
|
|
3
|
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici
ölkələrdə və beynəlxalq təşkilatlarda
təbliğı və müdafiəsi
|
160.220,00
|
152.219,0
|
18
|
|
4
|
Ailə, qadın və uşaq problemlərinin
həllinə dəstək
|
151.960,00
|
151.960,0
|
21
|
|
5
|
Sosial problemlərin həllinə dəstək
|
130.590,00
|
123.059,0
|
13
|
|
6
|
Mədəniyyətin inkişafına dəstək
|
170.320,00
|
169.740,0
|
23
|
|
7
|
Səhiyyənin inkişafı və
əhalinin sağlamlığının qorunması
|
109.000,00
|
104.000,0
|
15
|
|
8
|
Ətraf mühitin mühafizəsi və təbii
sərvətlərdən səmərəli istifadə
|
103.640,00
|
103.640,0
|
14
|
|
9
|
Gənclərin problemlərinin həllinə
dəstək
|
77.960,00
|
70.388,0
|
13
|
|
10
|
Elm və təhsilin inkişafına dəstək
|
73.530,00
|
86.529,0
|
11
|
|
11
|
Terrorizmə, narkomaniyaya, korrupsiyaya və insan
alverinə qarşı mübarizədə QHT-lərin rolunun artırılması
|
83.000,00
|
83.000,0
|
9
|
|
12
|
Region QHT-lərinin təşəbbüslərinin
dəstəklənməsi
|
225.260,00
|
225.257,0
|
29
|
|
13
|
Sahibkarlığın inkişafının dəstəklənməsi
|
89.900,00
|
85.890,0
|
10
|
|
14
|
Qaçqın və məcburi köçkünlərin, əlil,
veteran və şəhid ailələrinin sosial
problemlərinin həllinə kömək
|
115.530,00
|
104.070,0
|
12
|
|
15
|
Dünya Bankı ilə birgə müsabiqə
|
20.000,00
|
19.986,0
|
4
|
|
16
|
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu ilə
birgə müsabiqə
|
16.000,00
|
16.000,0
|
4
|
|
17
|
Sərbəst mövzu üzrə həyata keçirilən
layihələr
|
184.000,00
|
201.644,0
|
16
|
|
|
YEKUN
|
2.068.000
|
2.067.952
|
248
|
2009-cu ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Uşaq ili” elan edilməsini nəzərə alaraq, Şura uşaq məsələlərinə xüsusi diqqət yetirmişdir. Belə ki, 2009-cu ildə uşaq məsələlərini əhatə edən 42 layihə maliyyələşdirilmişdir. Bu layihələrdən 31-i Bakı şəhərində, 11-i isə ölkənin regionlarında icra olunmuşdur. Layihələrin icrası nəticəsində uşaqların iştirakı ilə ümumilikdə 109 tədbir, habelə ayrı-ayrı uşaq qruplarına müxtəlif mövzular üzrə 172 təlim keçirilmiş, uşaq problemlərinə həsr olunmuş və uşaqlar üçün nəzərdə tutulan 31 adda müxtəlif nəşrlər çap edilmiş və uşaq məsələləri ilə əlaqədar 3 sayt hazırlanmışdır. Bu layihələr ümumilikdə 11 300 nəfərdən çox uşağı əhatə etmiş, onlardan 1500–dən çoxu müharibədən zərər çəkmiş uşaqlar olmuşdur.
Həyata keçirilən tədbirlər
· Şuranın iclasları
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamənin 4.7. bəndinə müvafiq olaraq Şura mütəmadi olaraq iclaslarını keçirmişdir. 2009-cu ildə Şuranın 20 iclası olmuşdur. Bu iclaslarda Şuranın fəaliyyətinin təşkili, maliyyə yardımı müsabiqəsinin təşkili, müsabiqənin nəticələrinin müzakirəsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq və birgə qrant müsabiqələri, ”Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”ndan irəli gələn digər məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
· Keçirilən tədbirlər
İl ərzində QHT sektorunun inkişafına yönəlmiş, həmçinin QHT sektorunun iştirakı ilə reallaşdırılan bir sıra ictimai əhəmiyyətli məsələlərə həsr olunmuş aşağıdakı silsilə tədbirlər həyata keçirilmişdir:
3 aprel 2009-cu ildə “Trend” İnformasiya Agentliyində Şuranın 15 yanvar 2009-cu ildə elan edilmiş QHT-lərə maliyyə yardımı müsabiqəsinin nəticələri haqda mətbuat konfransı keçirilmiş və ölkə ictimaiyyətinə müsabiqənin nəticələri barədə geniş məlumatlar verilmişdir.
QHT-lərin KİV-lərlə münasibətlərinin mühüm ictimai əhəmiyyətini nəzərə alaraq, 3 iyun 2009-cu ildə “QHT-KİV münasibətləri” mövzusunda konfrans keçirilmişdir. Ölkə QHT-lərinin, aparıcı qəzetlərin və informasiya agentliklərinin rəhbərləri, televiziya və radio qurumlarının təmsilçiləri, eləcə də hökumət strukturlarının nümayəndələri və Milli Məclis deputatlarının iştirakı ilə keçirilən konfransda QHT-lərin fəaliyyətinin KİV-də işıqlandırılması mexanizmləri və bu sahədə mövcud olan problemlər, həmçinin QHT-lərin KİV-lə əməkdaşlıq texnologiyaları barədə fikir mübadiləsi aparıldı.
2008-2015-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramında QHT-lərin iştirakı məsələsi də geniş müzakirə olunmuşdur. 24 iyun 2009-cu ildə Dövlət Proqramından irəli gələn vəzifələrə həsr olunmuş konfrans keçirildi. Dövlət Proqramının yerinə yetirilməsinə QHT-lərin ciddi dəstək verməsi və 2008-2010-cu illərdə QHT sektorunun davamlı inkişafının təmin edilməsi məqsədilə Şuranın üzərinə qoyulmuş vəzifələr ətrafında müzakirə aparıldı.
Şura tərəfindən maliyyələşdirilən layihələrin icrasında şəffaflığı təmin etmək məqsədilə layihələrin monitorinqinin I mərhələsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. 16 sentyabr 2009-cu ildə keçirilən bu konfransda 2009-cu ildə layihələrin nəticəsində reallaşdırılması buraxılan nöqsanlar, əldə olunan uğurlar və aparılan monitorinqlərin bir sıra məqamları müzakirə edildi.
25 sentyabr 2009-cu ildə bir sıra beynəlxalq təşkilatların iştirakı ilə “Vətəndaş cəmiyyəti quruculuğu: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda keçiriləcək beynəlxalq konfransa hazırlıq üzrə təşkilat komitəsinin növbəti iclası keçirilmişdir. İclasda konfransın keçirilməsi ilə əlaqədar görülən işlər barədə iştirakçılara məlumat verildi. Şura və Counterpart İnternational təşkilatı ilə yanaşı BMT-nin İnkişaf Proqramı, ATƏT-in Bakı ofisi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu konfransa hazırlıq üzrə təşkilat komitəsində təmsil olundular. Sözügedən beynəlxalq konfransın keçirilməsi 2010-cu ilin aprel-may aylarına planlaşdırılır.
13 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Azərbaycanın efir məkanında mövcud vəziyyət“ mövzusunda birgə dəyirmi masa keçirdi. Tədbirdə “Azərbaycan” qəzetinin 2 oktyabr 2009-cu il tarixli sayında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Oktyabrın 28-də Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin və Şuranın dəstəyi ilə çəkilmiş “Çanaqqaladan başlanan yol” sənədli filminin təqdimatı keçirilmişdir. Ötən əsrin 20-ci illərində Türkiyənin istiqlal savaşında Azərbaycan türklərinin qardaş yardımından bəhs edən bu film haqqında millət vəkilləri, Türkiyə Böyük Millət Məclisinin üzvləri, eləcə də tarixçi alimlər və Türkiyə Səfirliyinin təmsilçiləri öz təəssüratlarını bölüşdülər.
3 dekabr 2009-cu ildə Şura Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu ilə əməkdaşlıq çərçivəsində “QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq” mövzusunda konfrans keçirdi. Konfransda ölkənin QHT sektorunun inkişafı üçün mühüm əhəmiyyət daşıyan şəffaflıq və hesabatlılıq məsələləri müzakirə edildi.
2009-cu ilin yekunlarına həsr olunmuş tədbirlərdən biri də “İlin QHT layihəsi” və “2009-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi oldu. 16 dekabr 2009-cu ildə dövlət orqanlarının, Milli Məclisin deputatlarının, xarici ölkə səfirlərinin, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçilərinin, mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə müsabiqənin nəticələri elan olundu.
21 dekabr 2009-cu ildə Avropa Şurasının 60 illiyi münasibətilə konfrans keçirildi. Xarici ölkə səfirliklərinin və diplomatik korpusların nümayəndələrinin, Milli Məclis, QHT və KİV-lərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər barədə fikir mübadiləsi aparıldı və Şura tərəfindən nəşr edilmiş “Azərbaycan və Avropa Şurası” kitabı ictimaiyyətə təqdim edildi.
· Qanunvericiliyin təkmilləşdirilməsi
“Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”da QHT-lərə dövlət dəstəyinin təmin olunmasının əsas vasitələrindən biri kimi QHT qanunvericilik bazasının təkmilləşdirilməsi göstərilmişdir. Bundan irəli gələrək, Şura qanunvericilik təşəbbüsləri ilə çıxış etmiş, həmçinin QHT-lər haqqında qanununa edilən əlavə və dəyişikliklərlə əlaqədar keçirilən bir sıra müzakirələrə moderatorluq etmişdir.
9 iyun 2009-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etdi və cənab Prezident bu qanunu imzalayaraq icraya yönəltdi. Belə bir qanunun qəbulu könüllü fəaliyyətlə məşğul olan vətəndaşlarımızın hüquq və mənafelərinin qorunması ilə bərabər, həm də Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsinə və onun ayrı-ayrı təsisatlarının sərbəst, maneəsiz fəaliyyətinə etibarlı hüquqi təminatın genişləndirilməsinə xidmət edəcəkdir.
17 və 29 iyun 2009-cu il tarixlərində Şuranın üzvləri Milli Məclisin müzakirəsinə çıxarılan “QHT-lər (ictimai birliklər və fondlar) haqqında” Qanuna dəyişiklikləri müzakirə etmək üçün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində təklifləri hazırlayan işçi qrupun üzvləri ilə görüş keçirmişlər. Görüşdə əlavə və dəyişikliklərlə bağlı Şuranın rəy və təklifləri dinlənilmiş və əsasən nəzərə alınmışdır.
25 iyun 2009-cu ildə Şura QHT-lərin təşəbbüsünü nəzərə alaraq, QHT qanunvericiliyi məsələlərini müzakirə etmək üçün geniş tərkibdə görüş keçirdi. Görüşdə Şura üzvləri və ölkənin aparıcı QHT-lərinin rəhbərləri, eləcə də media təmsilçiləri iştirak etdilər. Görüşdə Milli Məclisdə QHT-lər haqqında qanuna əlavə və dəyişikliklər olaraq təklif edilmiş müddəalar geniş müzakirə edildi.
Qeyd etmək istəyirik ki, qanuna əlavə və dəyişikliklərlə bağlı 30 iyun tarixində Milli Məclisdə keçirilən son müzakirələrdə Şuranın irəli sürdüyü əksər təkliflər nəzərə alınmışdır
Beynəlxalq əlaqələr
· Görüşlər
Ölkədə QHT sektorunun beynəlxalq standartlara cavab verən səviyyədə inkişafını təmin etmək, xarici ölkələrin analoji qurumlarının təcrübəsini öyrənmək məqsədilə Şura beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm vermişdir.
İl ərzində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri cənab Yaneş Lenarçik, Avropa Şurası Baş katibinin xüsusi nümayəndəsi xanım Veronika Kotek, ATƏT-in Bakı Ofisinin rəhbəri cənab Bilge Cankorel, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, BMT İnkişaf Proqramının Azərbaycandakı rəhbəri cənab Bruno Puezza, ABŞ-ın Vaşinqton Universitetinin Beynəlxalq Təhsil Məsələləri üzrə icraçı direktoru cənab Ken Pivler, Counterpart İnternational təşkilatı baş ofisinin proqram direktoru cənab Altunay Kuçukeyev, Avrasiya Əməkdaşlıq Fondunun prezidenti cənab Corc Zarubin, Avropa Komissiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməliyyatlar bölməsinin rəhbəri cənab Jan Lui Lavrof, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu (ACİ- YF) Bakı Ofisinin icraçı direktoru cənab Fərda Əsədov, Avropa İqtisadi və Sosial Komitəsinin (AİSK) rəyi üzrə məruzəçi cənab Andrey Adamçik, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Cənubi Qafqaz üzrə missiya rəhbəri cənab Conatan M. Konli və digərləri ilə keçirilən görüşdə Şuranın yaranması, son bir ildə gördüyü işlər, QHT-lərin proqram və layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi haqqında ətraflı məlumat verilmiş, əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.
Səfərlər
Şura sədrinin rəhbərliyi ilə üç nəfərdən ibarət nümayəndə heyəti aprelin 10-da Türkiyədə səfərdə olmuşdur. Nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Əlaqələr və Strateji Analizlər Mərkəzinin “Türkiyə-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti” mövzusunda təşkil etdiyi konfransda iştirak etmişdir. Aprelin 15-dək davam edən səfərdə nümayəndə heyəti Türkiyənin dövlət və hökumət rəsmiləri, siyasi partiyaların liderləri, millət vəkilləri, qeyri-hökumət təşkilatları və media mənsubları ilə görüşərək, Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalı ilə əlaqədar ölkə ictimaiyyətinin mövqeyini və yaranmış narahatlığı onların diqqətinə çatdırmışlar.
5-7 may tarixində Şura sədri Çexiyanın paytaxtı Praqa şəhərində Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində təşkil olunmuş Vətəndaş Cəmiyyəti Forumunda iştirak etmişdir. Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan vətəndaş cəmiyyəti təmsilçilərinin, dövlət və hökumət rəsmilərinin, eləcə də Avropa İttifaqını təmsil edən 27 ölkə nümayəndələrinin qatıldığı bu Forumda Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir. Şura sədri Azərbaycanda aparılan islahatlar nəticəsində vətəndaş cəmiyyəti strukturlarının dövlət tərəfindən hərtərəfli dəstəklənməsi və qarşılıqlı inam və etimad əsasında əməkdaşlığın yaradılması barədə çıxış etmişdir.
1 noyabr 2009-cu ildə Şura üzvləri, eləcə də Şura katibliyinin əməkdaşları və beynəlxalq təşkilatın təmsilçisindən ibarət nümayəndə heyətinin Xorvatiya Respublikasına təcrübə mübadiləsi səfəri təşkil olundu. Bir həftə davam edən səfərin məqsədi QHT fəaliyyəti sahəsində qabaqcıl Avropa təcrübəsi ilə tanışlıqdan ibarət olmuşdur. Səfər çərçivəsində Xorvatiya Respublikasının dövlət və hökumət strukturları, donor təsisatları və fondları, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə səmərəli görüşlər keçirilmişdir. Xorvatiya hökumətinin QHT-lərlə Əməkdaşlıq üzrə Dövlət idarəsində, Xorvatiya Respublikasının İctimai İdarəetmə Nazirliyində, Xorvatiya Respublikası Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin Mərkəzi və Şərqi Avropa, həmçinin Şimali Amerika ilə Əlaqələr üzrə Baş Departamentində, Xorvatiya Respublikasında Avropa İttifaqının Siyasi və İqtisadi Məsələlər üzrə Nümayəndəliyində, Vətəndaş Cəmiyyətinin İnkişafı üzrə Milli Fondda, İqtisadiyyat, Əmək və Sahibkarlığın İnkişafı Nazirliyində keçirilən görüşlərdə QHT-lərin fəaliyyətinin Avropa standartlarına uyğunlaşdırılması və Avropaya inteqrasiya istiqamətində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilmişdi.
· Tərəfdaşlıq
10 sentyabr 2009-cu ildə Şura və BMT İnkişaf Proqramı “Azərbaycanda yerli QHT sektorunun idarəçilik potensialının gücləndirilməsi” adlı birgə layihənin həyata keçirilməsi barədə əməkdaşlıq memorandumu imzaladılar. Memorandumun əsas məqsədi QHT sektorunun davamlı inkişafının təmin edilməsi üçün Azərbaycanın regionlarında fəaliyyət göstərən QHT-lərin potensialının gücləndirilməsində birgə əməkdaşlıqdan ibarətdir.
2 oktyabr 2009-cu ildə Şura ilə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu\Azərbaycan arasında əməkdaşlıq memorandumu imzalandı. Memorandumda Azərbaycanda vətəndaş cəmiyyətinin rolu və QHT-lərin sosial-iqtisadi inkişaf proseslərinə cəlb olunma imkanları barədə ictimai məlumatlılığı artırmaq, Azərbaycanda fəaliyyət göstərən donorlar arasında əlaqələrin daha da gücləndirilməsi və fəaliyyətin birgə koordinasiyası məqsədi ilə Donorların Koordinasiya Şurasının yaradılmasına dəstək vermək, QHT-lərin bilik və bacarığının artırılması və sair istiqamətlərdə birgə fəaliyyət haqqında razılıq əldə olundu.
15 dekabr 2009-cu ildə Şura ilə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi arasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalandı. Memorandumda QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi üzrə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, QHT-lərin bilik və bacarıqlarının artırılması, ölkəmizdə vətəndaş cəmiyyətinin rolu və QHT-lərin sosial-iqtisadi inkişaf proseslərinə cəlb olunma imkanları barədə ictimai məlumatlılığın artırılması, qrant müsabiqələrinin keçirilməsi, QHT-lərin fəaliyyətini tənzimləyən hüquqi çərçivənin təkmilləşdirilməsi və digər sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur.
· Birgə müsabiqələr
2 mart 2009-cu ildə Şura ilə Dünya Bankının Azərbaycandakı nümayəndəliyi “Gənclər və bərabər imkanlar” mövzusunda birgə qrant müsabiqəsi elan etmişdir. 31 mart tarixinədək davam edən müsabiqəyə 47 QHT-dən layihə təklifi daxil olmuşdur. Şuranın və Dünya Bankının ekspertlərinin birgə iştirakı ilə bu layihələr müzakirə olunmuş və 8 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilmişdir.
2 oktyabr 2009-cu ildə Şura ilə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu (ACİ-YF) “Azərbaycanın Avropa Birliyi ilə qarşılıqlı əlaqələri” mövzusunda birgə qrant müsabiqəsi elan etdi. Oktyabr ayının 2-dən 30-dək keçirilən birgə müsabiqəyə 33 QHT-dən layihə təklifi daxil olmuşdur. Layihələr Şuranın və ACİ-YF-nun ekspertlərinin iştirakı ilə birgə müzakirə olunmuş və qiymətləndirilmişdir. Nəticədə müsabiqənin şərtlərinə cavab verən 10 layihə təklifinin maliyyələşdirilməsi barədə qərar qəbul edilmişdir.
Yekun
2009-cu ildə Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”ndan irəli gələn məsələlərin həlli istiqamətində müəyyən işlər həyata keçirmişdir. Bu sahədə növbəti illərdə daha geniş miqyaslı layihələr və proqramlar yerinə yetirilməsi planlaşdırılır. Növbəti ildə Şura beynəlxalq təşkilatlar və özəl şirkətlərlə birgə qrant müsabiqələrinin keçirilməsi, Beynəlxalq QHT Məktəbinin yaradılması, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu sahəsində görülən işlərin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq konfransın keçirilməsi, regionlarda fəaliyyət göstərən QHT-lərin potensialının gücləndirilməsi, QHT sektoru haqqında müfəssəl məlumatların əldə olunması məqsədilə QHT portalının yaradılması, QHT fəaliyyətinin beynəlxalq səviyyəyə çatdırmaq üçün QHT standartlarının hazırlanması, QHT sektoru haqqında milli hesabatın yekunlaşması, 2010-2015-ci illər üzrə ictimai sektorun gücləndirilməsi üzrə milli strategiyanın və fəaliyyət planının hazırlanması, TV proqramları, nəşrlər və digər vasitələrlə QHT sektorunun şəffaflığının artırılması və Konsepsiyadan irəli gələn digər məsələlərlə əlaqədar yeni layihə və proqramlar həyata keçirilməsini nəzərdə tutur.