|
Şuranın iclasında QHT qanunvericiliyi ilə bağlı məsələlər müzakirə edildi |
|
|
15 Yanvar 2010 |
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirildi.
İclasda Şuranın 2009-cu il fəaliyyətinə aid hesabatı müzakirə edildi. Bildirildi ki, hesabatda Şuranın ötən illik fəaliyyəti əhatəli əks olunub və Şura üzvlərinin qeydləri nəzərə alındıqdan sonra hesabat ictimaiyyətə və müvafiq strukturlara təqdim edilə bilər.
İclasda qrantın alınması (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması qaydalarına əsasən qrant müqavilələrinin notarial qaydada təsdiq olunması məsələsi müzakirə edildi. Ədliyyə Nazirliyinə qeydiyyat üçün təqdim edilən qrant müqavilələrinin notarial qaydada təsdiq edilməsi maddəsinin dəyişdirilməsi üçün Şura tərəfindən müvafiq təkliflərin hazırlanması qərara alındı.
İclasda QHT-lərin öz fəaliyyəti haqqında Maliyyə Nazirliyinə illik maliyyə hesabatı verməsi ilə bağlı QHT-lər haqqında qanunun müvafiq müddəasının həyata keçirilməsi məsələsi də müzakirə edildi. Bu sahədə bir sıra çətinliklərin mövcudluğu vurğulandı. Qeyd edildi ki, hesabatların forma və məzmunu ilə bağlı bir sıra məsələlər QHT mühasibatlığı üçün yenidir. Həmçinin, hesabat formalarının təkmilləşdirilməsinə və bu yöndə QHT-lərin hazırlığının artırılmasına ehtiyac olduğu bildirildi. Bunun üçün QHT-lərə treninqlərin keçirilməsinin vacibliyi qeyd edildi. Bütün bu hazırlıq işlərinin həlli üçün müəyyən vaxtın lazım olması vurğulanaraq, QHT maliyyə hesabatlarının Maliyyə Nazirliyinə təqdim edilməsinə 1 aprel 2011-ci ildən başlanması üçün təkliflərin hazırlanması qərara alındı.
İclasda QHT-lərin dövlət qeydiyyatı ilə bağlı məsələ də müzakirə edildi. Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəisi, Şura üzvü İlqar Məmmədov QHT-lərin qeydiyyatı ilə bağlı arayış verərək, Şura üzvlərinin suallarını cavablandırdı.
Mətbuat xidməti
|