Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Avropa Şurasının 60 illiyi münasibətilə “Park İnn” hotelində konfrans keçirdi. Konfransda Şura tərəfindən nəşr edilmiş “Avropa Şurası və Azərbaycan” kitabı ictimaiyyətə təqdim edildi.
Tədbiri giriş sözü ilə açan Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev Avropa Şurasının beynəlxalq siyasi müstəvidə rolu, üzv dövlətlərin, o cümlədən Azərbaycanın bu təşkilatın aşıladığı hüquqi, iqtisadi və mənəvi dəyərlər sistemindən bəhrələnməsi haqda ətraflı danışdı. O qeyd etdi ki, 2001-ci ildən Avropa Şurasına üzv qəbul olunmuş Azərbaycan Respublikasında hüquq-məhkəmə sisteminin islahatları başa çatmış, ölkənin qanunvericilik bazası bütünlüklə Avropa Şurası standartlarına uyğunlaşdırılmışdır. A.Quliyev Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu məsələlərinə toxunaraq bildirdi ki, son illər Azərbaycan hökuməti ölkədə QHT inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul etmiş, QHT-lərin layihə və proqramları dövlət büdcəsindən maliyyələşdirilməyə başlamışdır. A.Quliyev Azərbaycanın Avropa dəyərlərinə doğru qətiyyətli irəliləyişinin və bu yolda qazandığı uğurların ölkəmizin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Konfransda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirdi ki, “Azərbaycan üçün insan hüquq və azadlıqlarının qorunması başlıca məsələdir”. Azərbaycanın demokratiya istiqamətində kifayət qədər uğurlar qazandığını deyən vitse-spiker Avropa Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində daha prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini qeyd etdi: “Azərbaycan müharibə vəziyyətindədir. Avropa Şurası problemin aradan qaldırılması üçün maksimum səy göstərməlidir. Əgər qurum tərəfindən bu səy ortaya qoyularsa, separatizmə qarşı mübarizə daha yaxşı effekt verər”.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Avropa Şurasının Azərbaycandakı nümayəndəsi Veronika Kotek, ATƏT-in Bakı Ofisinin rəhbəri Ali Bilge Cankorel, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, eləcə də QHT rəhbərləri Ülkər Abdullayeva, Gülsel Səfərova, Səadət Bənəniyarlı öz çıxışlarında Azərbaycanın Avropa Şurası və quruma üzv dövlətlərlə sıx əməkdaşlığını müsbət qiymətləndirərək, ölkəmizdə demokratik proseslərin daha da dərinləşdirilməsi üçün ciddi islahatların aparıldığını qeyd etdilər. Bildirildi ki, Azərbaycan Avropa Şurasına üzv olmaqla Avropa ailəsinə inteqrasiyanı, insan hüquq və azadlıqlarının qorunmasını qarşısına məqsəd qoymuşdusa, digər tərəfdən Azərbaycan beynəlxalq tribuna olaraq, Avropa Şurasından istifadə etməklə bir sıra regional problemlərin həllinə nail olmaq məqsədi güdür. Qeyd olundu ki, Azərbaycanın strateji mövqeyi, eyni zamanda təbii ehtiyatları Avropa üçün çox əhəmiyyətlidir və Avropa Şurasının üzvü olmaqla dünyəvi bir dövlət kimi tanınan Azərbaycan artıq qurum qarşısında götürdüyü öhdəliklərin böyük hissəsini yerinə yetirib.
Konfrans iştirakçılarına təqdim edilən “Azərbaycan və Avropa Şurası” kitabı haqqında danışan Milli Məclis əməkdaşları Adil Vəliyev və Ruslan İsmayılov 60 illiyini qeyd edən Avropa Şurasının son on ildə Azərbaycanla əməkdaşlığı, eləcə kitabdakı materialların təsnifatı və ictimai-siyasi önəmi haqqında danışdılar. Onlar kitabın nəfis tərtibatı və nəşrinə görə QHT-lərə Dövlət Dəstəyi Şurasına minnətdarlıq ifadə etdilər.
Mətbuat xidməti
|